İctimaiyyət

Azərbaycanın şimalında meşə yanğınları

Azərbaycanın şimalında bəzi yerlərdə meşə yanğınları baş verib. İyulun 28-də alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib. Bu haqda Turan İA məlumat yayıb.

Quba rayonu ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən rayonundakı yanğın lokallaşdırılıb. Yanğının söndürülməsinə 2 ədəd Mi-17 və BE-200 ÇS amfibiya-təyyarə cəlb edilib. Lakin iyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında boş ərazilərdə də yanğın baş verib, FHN məlumat yayıb.

Küləkli hava şəraiti ilə əlaqədar alov çətin keçilən dağ ərazilərində ətraf meşə massivlərinə keçib. Yanğının söndürülməsinə 1 Mi-17 vertolyotu cəlb edilib. Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, şənbə günü Altıağac Milli Parkında da yanğın baş verib. Bundan əlavə, iyulun 27-də Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşə zonalarında və Hirkan Milli Parkında yanğın baş verib. Hər iki yerdə alovun yayılmasının qarşısı alınıb. Yanğınlar quru və isti hava səbəbindən baş verib.

Daha çox göstər
Back to top button