Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqı artırıldı

Avqustun 1-dən etibarən ictimai nəqliyyatda qiymətlər artırlacaq. Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilən iclasında bu qərar verilib. Məlumatı Meydan TV yayıb.
Tarif Şurasının yaydığı məlumata görə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.
Bildirilir ki, Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaq.
İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, metro və avtobuslarda gediş haqlarının artırılması gözlənilən idi:
“Çünki uzun müddət ictimai rəyi qiymət artımına hazırlayırdılar. Deyirdilər ki, metro, ümumiyyətlə, ziyanla işləyir, avtobuslarda rentabellik aşağı səviyyədədir və s”.
Ancaq Natiq Cəfərli Tarif Şurasının qərarının iqtisadi əsası olmadığını bildirib:
“O zaman iqtisadi əsası olardı ki, Metropoliten və sərnişindaşıma rəhbərliyi də 1 sərnişinin daşımasının maya dəyərinin neçəyə baş gəldiyini, hansı xərclə hesablandığını və gəlirlərini izah etsinlər. Nəzərə alın ki, hər iki qurum dövlətdən daha çox dotasiya alırlar, ikinci, təmir və yeni avtobusların alınması ilə bağlı dövlət dəstək də verir. Bununla belə, Metropoliten rəhbərliyi yenə də ziyanla işlədiyini və sərnişinlərin daşınmasının baha başa gəldiyini iddia edir. Amma bir dəfə də olsun bahalığın səbəbinin nədən qaynaqlandığını və maya dəyərini necə hesabladıqlarını açıqlamırlar. Beləliklə, dövlət nəzarətində olan qurumların iş qabiliyyəti qeyri-şəffaf olduğundan effektiv olmur və son nəticədə korrupsiyaya yol açır. Sonradan isə bu xərclər vətəndaşın üzərinə gəlir”.
Natiq Cəfərli güman edir ki, hökumət qərarını yeni avtobusların, vaqonların alınması və xətlərin açılması ilə izah edəcək.
Hüquqşünas Ələsgər Məmmədli Tarif Şurasının qonşu ölkələrdən misal gətirməsini yolverilməz hesab edib:
“Tarif Şurasının rəhbərliyi bilməlidir ki, ölkə daxilində monopolist qiymət müəyyən edəndə yeganə nəzərə alınmayacaq parametr qonşu ölkələrdəki qiymətdir. Çünki həmin ölkələrdəki qiymət bizim ölkədəki daxili qiymətin formalaşmasında nə maya dəyərə, nə də digər məsələlərə təsir etmir. Ayrıca utanmasınlar, bir də elan etsinlər ki, həmin ölkələrdə minimum əməkhaqqı, minimum pensiya nə qədərdir. Nəqliyyat xidməti haqlarını 50% artıranda qonşu ölkələrlə müqaisə edirlər, pensiyaları 1,5% artıranda qonşu ölkələr yada düşmür. Vətəndaşına qarşı bu qədər məsuliyyətsizlik olmaz. Elə ailə var ki, onun bir gündə evində 4-5 şəxs azı 2, 3 marştut dəyişərək işə, məktəbə, repititor yanına gedir. Bu ortalama günə 5-6 manat, aya 150-180 manat deməkdir. Xərcləri bir gecədə 50% artıran hökumət gəlirləri də gərək 50% artırsın”.
Ələsgər Məmmədli Türkiyəni misal gətirib:
“Türkiyədə minimum əməkhaqqı 2018-də 2.029,50 TL müəyyən edilib. Yəni bu günkü kursla 710 manat. Bu pulla Türkiyədə an aşağı (0,44 man) ictimai nəqliyyatdan 1601 dəfə istifadə etmək olar. Azərbaycanda minimum əmək haqqı 130 manatdır. Bu pulla cəmi 433 dəfə ictimai nəqliyyatdan istifadə etmək olar. Azərbaycan vətəndaşı Türkiyədəkindən 3,7 dəfə baha istifadə edəcək ictimai nəqliyyatı”.