Əli Məsimli bahalaşma qərarını tənqid etdi

“Əhalinin aztəminatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”.
Bu fikirləri İqtisadi İnnovasiyalar İnstitunun rəhbəri, millət vəkili Əli Məsimli Tarif Şurasının ictimai nəqliyyatda qiymətləri 50 fazi artırması barədə qərarını Strateq.az-a şərh edərkən bildirib.
Ə.Məsimli hesab edir ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq. O ki qaldı tarifləri qaldıran zaman verilən əsaslandırmalara, millət vəkili bunu doğru saymır: “Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olması ilə bağlı müqayisələr birtərəfli xarakter daşıyır və real mənzərini tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta aylıq əmək haqları da Azərbaycandakından yüksəkdir”.
Azadliq.info saytında «Qanunun çərçivəsi» sərlövhəli yazı oxumaq olar. Yazıda vurğulanır ki, Azərbaycanda hüquq-mühafizə orqanları və dövlət başçısı «hər şey qanun çərçivəsində həll olunacaq» desələr də, qanunlar işləmir, bu qanunların çərçivələri bəlli deyil.
Müəllifin iddiasına görə, hüquq-mühafizə orqanları belə fikirləri, əsasən, hansısa müxalifətçinin həbsi zamanı deyirlər.