İctimai nəqliyyatda gediş haqlarının artırılması tənqidlərlə qarşılanıb

İqtisad elmləri doktoru Qubad İbadoğlu yazır ki, Tarif Şurası çoxdan gözlənilən qərara imza atıb.
“Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsi olan metroda gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.
İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bununla yanaşı bu, digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun da qiyməti bahalaşacaq.
Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməlidir.
Təklif edirəm ki, tələbələr üçün gediş haqları əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır”, – ekspert qeyd edib.