Türkiyəli iş adamı: Ziya Məmmədovun oğlu borcumu qaytarmır

Türkiyəli iş adamı Ali Yeter Azərbaycanda aldadıldığını deyir. O, sosial şəbəkələrdə qarşısına çıxan azərbaycanlılara bu səpkili məlumatlar göndərir: “Ziya Məmmədov, Anar Məmmədov və Xəyal Rəsulovu tanıyırsız? Rica edirəm, “Quba Rixos Hotel”-in hovuzları üçün qalan 360 min avro alacağımı ödəsinlər”. Meydan TV baş verənləri araşdırmaq üçün Ali Yeterlə əlaqə saxlayıb.
“Əslində bu borc 360 966 avrodur. Amma 360 min avromu qaytarsalar da, bəsimdir. Biz “Kalkaner Havuz Mühendislik” şirkəti olaraq,16 ildir ki, Türkiyədə və xaricdə yüksək peşəkarlığımız ilə tanınırıq. Azərbaycana 2011-ci ildə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədovun sahibi olduqları “Garant Holding” MMC – yə məxsus “Quba Rixos Hotel”-də hovuz, jakuzi və süni göl işləri ilə əlaqədar gəlmişdik. 2014-cü ildə işləri tam bitirib təhvil verdik. Lakin ümumi məbləğin müəyyən hissəsi ödənilsə də, 360 966 avro qaldı. Bu pulu indəyədək ala bilməmişəm.
Biz Ziya Məmmədovla, o, hələ nəqliyyat naziri olanda “Quba Rixos Hotel”-in açılışında görüşmüşdük. Odur ki, 2017-ci ilin fevralında borcumu tələb etmək üçün elə onun da qəbuluna getdim. O zaman hələ nazir idi. Lakin köməkçiləri Ziya Məmmədovun yerində olmadığını dedilər və bildirdilər ki, borcun ən qısa zamanda qaytarılması üçün Xəyal Rəsulovla danışacaqlar. “ZQAN Holding”, eləcə də “Garant Holding”-in tərkibində olan “FLAME” MMC-nin arxasında Ziya Məmmədovun dayanmasına baxmayaraq, əsas işləri Anar Məmmədov görürdü.
Bizim şirkətlə Anar Məmmədovun rəhbəri olduğu şirkətlər arasında qarşılıqlı anlayış və böyük etibar var idi. Biz onlara inanırdıq. Elə ona görə də bir çox işdə ödənişlərin hətta yarısını belə öncədən almırdıq. Çünki əmin idik ki, bizi aldatmazlar. Mən bilmirdim belə ola bilər. Bu, Xəyal Rəsulovun yox, Ziya Məmmədovun və Anar Məmmədovun borcudur. Sadəcə mənimlə “Yaxşı və pis polis oyunu” oynayırlar”.