Təhlil

Arif Əliyev: “Bu, Azərbaycanın acınacaqlı media reallığıdır”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev avqustun 1-dən fəaliyyətləri dayandırılan “APA Holdinq” MMC-yə daxil olan saytlarla bağlı hadisələrə kənardan baxsa da, gedişatın ona aydın olduğunu deyir.

Arif Əliyev bu barədə AzadliqRadiosu-na danışıb.

O, iddia edir ki, APA-nin bağlanacağı söhbəti çoxdan gedirdi. Hətta bir ara holdinqdə ixtisarlar da oldu.

“İndiki halda prezidentin çıxışında hansısa bir ifadənin səhv yazılması nəticəsində o boyda strukturun fəaliyyətinin dayandırılması “od olmasa, tüstü çıxmaz” məsəlinə uyğun gəlir. Amma bununla belə APA heç nəyə baxmadan öz işini görən, kifayət qədər böyük dairəni əhatə edən, bazarı olan və bacarıqlı həmkarlarımızın işlədiyi media orqanı idi. Birdən-birə bu orqanın bu cür dayandırılması bir daha göstərir ki, Azərbaycanda hətta oturuşmuş peşəkar komandaya, şəbəkəyə malik kütləvi informasiya vasitəsini (KİV) bir günün içində qapamaq mümkündür”

Arif Əliyev hesab edir ki, ANS-nin və çökdürülmüş qəzetlərin taleyində də eyni proses yaşanıb:

“Bu, Azərbaycanın acınacaqlı media reallığıdır. Hər hansı KİV-in hansı çəkiyə, gücə və komandaya malik olmasından asılı olmayaraq onun taleyini bir gündə həll etmək mümkündür”.

Arif Əliyev deyir ki, məhkəmə qərarı olmadan hər hansı saytı, yaxud, portalı, KİV-i bağlamaq olmaz:

“Hər bir KİV-in fəaliyyətinin məhdudlaşdırılması yalnız məhkəmə vasitəsilə gerçəkləşməlidir. Amma biz şahidi olduq ki, onlarla sayt, qəzet, televiziyaların fəaliyyəti dayandırılıb. İkinci, icra orqanlarının təsiri ilə KİV-in fəaliyyətinin birdən-birə dayandırılması yerli qanunların da çərçivəsinə sığmır. Təəssüf ki, belə bir ənənə artıq formalaşıb”

Arif Əliyevin sözlərinə görə, belə hallara etiraz əvvəllər daha güclüydü:

“Çünki media dairəsi də geniş və güclüydü. Həm də hakimiyyətin belə yanaşma tərzi yeniydi. İndi o qədər adiləşib ki, hakimiyyət media orqanın qapayanda susqunluqla yanaşırlar”

Daha çox göstər
Back to top button