İctimaiyyət

Mehman Hüseynovun anası oğlu ilə görüşə bilmədən dünyasını dəyişdi

Hakimiyyət həbsdə olan bloger Mehman Hüseynovun ölüm döşşəyində olan anası ilə görüşünə icazə vermədi.

“Turan”-ın məlumatına görə, kəskin ürək çatışmazlığı diaqnozu ilə xeyli vaxtdır xəstəxanada müalicə alan F. Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib.

Çoxsaylı müraciətlərə baxmayaraq, hakimiyyət Mehman Hüseynova son günlərini yaşayan anası ilə vidalaşmaq üçün şərait yaratmayıb.

Firəngiz Hüseynova 71 yaşına iki gün qalmış oğlu ilə görüşə bilmədən dünyasını dəyişib.

Mehman Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ölkə rəhbərliyini mərhəmətsizlikdə və Firəngiz Hüseynovanı ölüm həddinə çatdırmaqda, xəstəxananın tibbi heyətini isə mərhəmətsizlikdə və səriştəsizlikdə ittiham edib.

Bir müddət əvvəl hakimiyyət Mehmanın qardaşı, RATİ-nin icraçı direktoru, hazırda siyasi mühacirətdə yaşayan Emin Hüseynovun həbsinə təşəbbüs etmişdi.

RATİ beynəlxalq ictimaiyyəti bu faciənin baş verməsində təqsirli olan yüksək vəzifəli məmurlara və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətindən tənqidçilərinin və onların ailə üzvlərinin qeyri-insani təqibinə dərhal son qoymağı, habelə bütün ifadə azadlığı məhbuslarının – jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Elçin İsmayıllı, Ziya Əsəsli və Ərşad İbrahimovu, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, qrafiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu, habelə satirik şair Tofiq Həsənov dərhal və qeyd-şərtsiz həbsxanalardan azad etməyi tələb edir.

Daha çox göstər
Back to top button