İqtisadçı: Türk lirəsinin ucuzlaşması Azərbaycana da mənfi təsir edəcək

Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir. Dollar/tl məzənnəsi həftənin ilk iş günü, səhər saatlarında 5.12 lirə səviyyəsinə yüksəlib. Beləliklə, dollar lirəyə nisbətdə son bir həftə ərzində 5,36 faiz bahalaşaraq, ilin əvvəlindən bu yana 25 faiz güclənib. İyul ayında Türkiyədə illik inflyasiya 15,85 faiz təşkil edib. Aylıq bu rəqəm 0,55 faiz olub.
Türk lirəsinin ucuzlaşmasının xarici ticarət tərəfdaşlarına necə təsir edəcəyinə gəlincə, iqtisadçı-ekspert Natiq Cəfərli Oxu.Az-a açıqlamasında bildirib ki, lirənin rekord həddə ucuzlaşması Türkiyə üçün çox ciddi iqtisadi problemlər yaradacaq. Lirənin dollara nisbətdə dəyər itirməsinin Azərbaycan-Türkiyə ticari münasibətlərinə təsirinə gəlincə, N.Cəfərli deyir ki, Azərbaycanın qeyri-neft sektoru mallarının Türkiyəyə ixracatında problemlər yaşana bilər. “Belə ki, manatın lirəyə nisbətdə daha dəyərli olması ixracat potensialımızı zəiflədir”.
Türkiyədə 250 min nəfərə yaxın azərbaycanlının işlədiyini deyən N.Cəfərli bildirir ki, lirənin dəyərsizləşməsi onların gəlirlərinin və Azərbaycana göndərdikləri vəsaitlərin azalmasına səbəb olacaq: “Bir müddət sonra Türkiyədə işləməyin rentabelli olmadığını görüb geri qayıda bilərlər. Türkiyədə baş verən iqtisadi proseslər, o cümlədən lirənin məzənnəsi Azərbaycanın makroiqtisadi göstəricilərinə, eləcə də, daxili bazarda qiymətlərə, sosial məsələlərə təsir edir”.
İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edir ki, türk lirəsinin məzənnəsinin ucuzlaşmasının davam edəcəyi gözlənilən idi.
“Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu dövlətin qeyri-neft sektorumuzda payı kifayət qədərdir. Ümumiyyətlə, Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən çox paya malik olan ikinci ölkədir. İllik 1,07 milyard qeyri-neft ixracatının 34 faizi Rusiyanın payına düşürsə, 26 faiz Türkiyənin payına düşür. Göründüyü kimi, Türkiyə qeyri-neft ixracatımızın təxminən 1/3-ni formalaşdırır”.