Siyasət

“Mehman korrupsioner rejimin cinayətlərini ifşa etdiyinə görə ondan qisas alırlar”, – Ə.Kərimli

“Anamın ölümü məni sındırmayacaq. Həbsdən çıxdıqdan sonra korrupsiya ilə bağlı araşdırmaları davam etdirəcəm”, – bloger Mehman Hüseynov bu gün anasının dəfn mərasimində deyib. Məlumatı Turan yayıb.

“Əgər həbsdən sağ çıxsam, ikiqat fəal olacağam. Biz öz yolumuzdan dönməyəcəyik”,- o bildirib.

Blogerin qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru, siyasi mühacirətdə olan Emin Hüseynov WhatsApp vasitəsilə dəfn mərasimi iştirakçılarına müraciət edib.

“Ana, həyatının son saatlarında yanında olmadığımıza görə məni və qardaşımı bağışla. Vaxt gələcək, biz sənin də dəstəklədiyin azadlıq idealları uğrunda mübarizədə qalib gələcəyik”,- E.Hüseynov qeyd edib.

Dəfn mərasimində iştirak edən müxalifətçilər M.Hüseynovun ağır xəstə olan anası ilə görüşünə icazə vermədiyinə görə hakimiyyəti pisləyiblər.  “Vaxt olacaq, hər kəs öz əməlinə görə cavab verəcək. Siyasi məhbusların ailələrindən intiqam almaq olmaz”, – Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.

AXCP lideri Əli Kərimli M.Hüseynovun ölüm ayağında olan anası ilə görüşünə icazə verilməməsini siyasi qisas adlandırıb. “Mehman korrupsioner rejimin cinayətlərini ifşa etdiyinə görə ondan qisas alırlar”, – Ə.Kərimli deyib. Hakimiyyətin bu cür hərəkəti nifrət doğurur. “Bu qədər çox sayda adamın burada iştirakı bu nifrətin artdığını göstərir”, – Ə.Kərimli vurğulayıb.

KXCP rəhbərliyi KXCP rəhbərliyi Emin və Mehman Hüseynovlara anaları Firəngiz xanımın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.

“Biz baş verən hadisələri qanunun, hüququn təzahürü yox, qisasçılıq, müxtəlif, fərqli fikirli, mübariz insanları əzmək kimi qiymətləndirir və qınayırıq. Bunun milli və dini adət-ənənəyə dabandabana zidd olan ləyaqətsiz bir psixoloji işkəncə üsulu olması qənaətindəyik.
Ümid edirik ki, fəsadları ölçülə bilinməyən belə halların təkrarlanması baş verməyəcək və hesab edirik ki, M.Hüseynova bəraət verilməli və dərhal azadlığa buraxılmalıdır”.

Daha çox göstər
Back to top button