ABŞ-da dələduzluqda şübhəli bilinən azərbaycanlılar saxlanıldı

Los-Ancelesdə internet-dələduzluqda şübhəli bilinən üç nəfər saxlanılıb. Onların bir müddət öncə yaxalanan və aralarında Azərbaycan vətəndaşlarının da olduğu qruplaşmaya üzv olduqları bildirilib.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, onların vətəndaşlığı hələ açıqlanmayıb.
“Pacer.gov” hüquqi informasiya bazasında bu istintaq işi ilə əlaqədar 10 səhifəlik ittiham aktı yerləşdirilib.
Belə ki, qrup üzvləri özlərini avtodiller və ya nadir avtomobillərin kolleksiyaçısı kimi təqdim edir, avtomobillərin satışı ilə bağlı tanınmış internet-hərraclarda və ticarət portallarında elanlar yerləşdirirdilər. Onlar tələyə saldıqları insanlarla avtomobilin dəyəri və şərtləri ilə bağlı danışdıqdan sonra avans və avtomobilin alıcının evinə çatdırılması üçün pul alırdılar.
Bundan öncə, ABŞ-da 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Aralarında dörd nəfər Azərbaycan vətəndaşının da olduğu qrup üzvləri dələduzluqda və 4 mln. 500 min dollar həcmində çirkli pulların yuyulmasında iştirak edib.
Saxlanılan şəxsləri dələduzluğa görə 20 ilədək, çirkli pulların yuyulmasına görə isə 30 ilədək həbs cəzası gözləyir.