Ekspert: Azərbaycanda nədənsə ancaq xəbər saytları bloklanır

Ötən ilin martında hələ 20 il öncə qəbul edilmiş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna mühüm dəyişikliklər edilib. Düzəlişlər saytların bağlanmasına aid olub.
Düzəlişlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlətçilik, milli-mənəvi dəyərlər əleyhinə, ekstremizmə, terrorizmə çağırış və s. materialların dərcilə bağlı saytlara xəbərdarlıq etmək hüququ verib. Bu haqda Turan İA məlumat yayıb.
Telekommuniksiya sahəsində ekspert, Azərbaycan İnternet-Forumun prezidenti Osman Gündüz hesab edir ki, söhbət təkcə xəbərlər saytlarından getmir. Lakin Azərbaycanda nədənsə ancaq xəbər saytları bloklanır. Üstəlik, bütün xəbər resursuna giriş bağlanır, halbuki, texniki baxımdan məhz “zərərli” informasiyanı məhdudlaşdırmaq mümkündür.
O.Gündüz qeyd edib ki, bloklanmış sayta daxil olmaq istərkən həmin resursun bağlanması haqda qərar və səbəblərə dair bilgi görünməlidir. Hüquqi dövlətlərdə belədir.
Qanunvericilik Rabitə Nazirliyindən bloklanmış saytların siyahısını tələb edir ki, istifadəçilər bunun səbəbləri barədə məlumat əldə edə bilsinlər və bu qərarın düzgün olub-olmaması ilə bağlı özləri fikir yürütsünlər. Hələlik bu məsələ öz həllini tapmayıb. Eyni zamanda saytların bloklanması məhkəmənin qərarı ilə həyata keçirilməlidir və yalnız zəruri hallarda. Avqustun 7-8-də 4 saytın bloklanması ilə bağlı son olaylar bütün bunlara zidd olaraq həyata keçirilib, ekspert qeyd edib.