Təhlil

Ekspert: Toplumun etimadı ölkədən didərgin salınmış bir neçə jurnalistə, qorxu altında yaşayıb işləməyə çalışan yerli kiçik qruplara, sosial mediada fəal olanlaradır

Azərbaycanda hökumət medianı nəzarət altına aldıqdan bu yana bu sahədə nəsə pərakəndəlik olub. Ola bilsin, görüntü olub, ancaq yanıldıcı olub. Siyasət eynidir, sistem eynidir, odur ki, adların fərqi olmamalıdır. Sadəcə, onu vurğulamaq lazımdır ki, medianın nəzarətdə tutulması, bir əldə cəmlənməsi, bir əldən o biri ələ verilməsi çox zərərli şeydir. Media sərbəst buraxılmalıdır. Bütün alternativ yolların sonu gedib dalana dirənəcək. Bunu Turan-a  hüquqşünas Xalid Ağəliyev deyib.

Onun sözlərinə görə, hökumət 2000-ci illərdən istədiyi medianı formalaşdırmaq, ictimai rəyi özünün istədiyi kimi idarə edə biləcək media yaratmaq siyasəti yürüdür. Bu siyasətin ugurlu olması üçün hökumət hər şeyi edib – kifayət qədər vəsaitlər xərcləyib, “filan tənqidçi media bizə əngəl yaradır” deyildiyində onu qapadıb, “filan jurnalistlər maneçilik edir” deyildiyində onları həbs edib, başqa yollarla sıradan çıxarıb. Reallıq budur ki, ondan istənilən hər şeyi etməsinə rəğmən, hökumət görmək istədiyi medianı əldə edə bilməyib.

Toplumun etimadı ölkədən didərgin salınmış bir neçə jurnalistə, qorxu altında yaşayıb işləməyə çalışan yerli kiçik qruplara, sosial mediada fəal olanlaradır.  Hökumətin nəzarətindəki mediaların ictimai rəyə təsir gücü ciddi deyil. Hökumət özü də bunu hamıdan yaxşı bilir. Ona görə də düşünmək ki, o medialardan hər hansı birinin bağlanması və ya fəaliyyətinə bir müddətə ara verilməsi hökumətdaxili qruplar, onların savaşı kontekstində dəyərləndirilməyə layiqdir, doğru olmazdı.

Hökumətin medianı öz nəzarətindən buraxacağının işartıları belə yoxdur. Ola bilsin, hansısa medianı qapadacaqlar, yaxud idarəçiliyini alıb başqa bir menecerə verəcəklər və ya məzmunu eyni olan başqa bir modelə keçəcəklər. Ancaq belə gəlişmələrin ümumi media mühitinə təsiri yoxdur.

Daha çox göstər
Back to top button