Təhlil

Azərbaycanda qanunlaşdırılmış senzura Konstitusiyaya ziddir

Azərbaycanda son illər sistemli şəkildə media qanunvericiliyinə müdaxilələr olur və medianın hüquqi vəziyyəti gedərək daralır. Qanunvericiliyə gətirilən dəyişikliklərin böyük əksəriyyəti sırf məhdudlaşdıırcı xarakterdədir. Bu haqda Tura İA yazır.

2017-ci ilin fevral ayının əvvəlində İnternet mediasının bloklanması və bağlanmasına hüquqi zəmin yaradıldı. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna bir fəsil əlavə edildi. Bu əlavələrin demək olar hamısı hüquqi münasibətlərdən kənara çıxan, legitim mənafelərə cavab verməyən, media azadlığının üstünlüyü prinsipini aradan qaldıran müddəalardır.

Beləliklə, fevralda qanunvericiliyə gətirilən bu məhdudlaşdırıcı dəyişiklik ilk olaraq tənqidi mövqeyi ilə seçilən və cəmiyyəti alternativ mənbə kimi məlumatlandıran resurslara – www.azadlıg.org, www.azadlıq.info, www.azerbaycansaatı.com, www.turan.tv və www.meydan.tv saytlarına girişin qadağan olunması ilə nəticələndi. Əlbəttə, bu sadəcə başlanğıc idi. Hazırda məhkəmə qərarı olmadan məhdudlaşdırılan resursların sayı 40-dən çoxdur və hər gün bu siyahıya yeniləri əlavə edilir.

Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nədənsə özünə bu əziyyəti vermir və resursları ucdantutma bloklamaqla işini bitmiş sayır. Nazirlik ayrıca ona vəzifə kimi tapşırılan bloklanmış resursların reyestrini (siyahısını) yaymaq vəzifəsini də icra etmir və beləliklə, qeyri-şəffaf və səlahiyyətli senzura qurumu kimi fəaliyyətini sürdürür.

2017-ci ildə media sferasının ikinci böyük şoku fevralın 14-də “Hərbi vəziyyət haqqında” qanunun qəbulu ilə yaşandı. 1998-ci ildə rəsmi senzuranın ləğvindən sonra ilk dəfə mətbuata senzuranın tətbiqinə dair müddəalar yenidən qanunvericiliyə qaytarıldı. Konstitusiya senzuranı açıq şəkildə yasaqlayır. Ona görə senzuranı hətta istisna hal, məhdudlaşdırma sanksiyası kimi də heç bir halda tətbiq etmək olmaz. Hərbi senzura dövlət senzurasıdır. Dövlət senzurasını isə ali hüquqi norma olan Konstitusiya ilə qadağan edib.

Son bir ildə Jurnalistlərin diffamasiyaya (böhtan və təhqirə) görə cəlb edildikləri məsuliyyət növlərinə yenisinin əlavə olunması ilə də yadda qalıb. Mehman Hüseynov, İkram Rəhimov və onun informasiya mənbəyi olan şəxs diffomasiyaya görə həbs olunub və məhkum edilib. diffamasiyanın dekriminallaşması məsələsi illərdir növbəti – qeyri-müəyyən illərə təxirə salınır.

Araşdırmalar göstərir ki, ölkədə media qanunvericiliyinə müdaxilələr sistemli hal alıb və bu tendensiya hər keçən dönəm bir az daha mürtəce xarakter alır. Bu proses dayanmazsa, ölkənin informasiya təhlükəsizliyi milli təhlükəsizlik problemi kimi çox fəsadlarla üzləşə bilər.

Daha çox göstər
Back to top button