Təhlil

Azərbaycanda bloklanan saytların rəhbəri apelyasiya şikayəti verir

“Saytımızın bloklanması ilə bağlı vəkil apelyasiya şikayəti hazırlayıb. Həmin şikayət məhkəməyə təqdim olunacaq”.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Meydan TV-yə belə deyib. Bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarı ədalətsiz və sifarişlidir:

“Saytın bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaldırdığı iddia ərizəsi hüquqazidd və əsassız idi. Baxmayaraq ki, iddia əsaslandırılmamışdı, ancaq iddia ərizəsinin altında nazir Ramin Quluzadənin imzası vardı. Görünür, ya hüququ yaxşı bilmir, ya da bacardığı bura qədərdir. Ümumiyyətlə, Azərbaycanda ədalət mühakiməsi olmadığına görə veriləcək qərar da bəllidir. Apelyasiya Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayacaq. Bundan sonra isə biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.

Şəmşad Ağa deyir ki, nazirliyin “Arqument.az”-la bağlı iddia ərizəsinə görə də məhkəməyə müraciət edəcəklər:

“Heç nazirliyin böhtan, şərlə bağlı məsələni araşdırmaq kimi bir səlahiyyəti də yoxdur. Biz onlara bu qərarları ilə bağlı sorğu ilə müraciət də etmişik. Yazıda böhtan və yalanı necə müəyyənləşdirdiklərini soruşmuşuq. Hələlik, sorğumuza cavab yoxdur. Siyasi sifarişlə fəaliyyətimizi məhdudlaşdırdığına görə nazirliyi məhkəməyə verəcəyik”.

Şəmşad Ağa bildirib ki, ilk bloklanan sayt “Arqument.az” deyil. Daha öncə də hakimiyyət bloklamağa üz tutmuşdu:  “Meydan TV, Azadlıq Radiosu, Turan TV, Azadlıq qəzetinin saytı da bloklanmışdı. Qəzetçilik də sıradan çıxarılıb. Hakimiyyət özünə sərf edən “əl mediası” yaradıb. Bu da Azərbaycan hakimiyyətinin mətbuata, azad sözə, ifadə azadlığına münasibətinin göstəricisidir. Bütün bunlara baxmayaraq, biz fəaliyyətimizi davam etdirəcəyik”.

Bakı Apellyasiya Məhkəməsi avqustun 10-da arqument.azsaytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 2 gün əvvəl qəbul etdiyi qərarı ləğv edib.  Azərbaycan məhkəmələri sayt üzərinə qoyulan blokun qaldırılması ilə bağlı ilk dəfədir ki, qərar qəbul edir.

Daha çox göstər
Back to top button