Ekspert: Bu son bloklama olayı hüquqi rəzillikdən başqa bir şey deyil və gələcəkdə Azərbaycan hüquq sisteminin absurdlarına dair dəsrsliklərdə vazkeçilməz kazuslardan olacaq

Avgustun 8-də Nəqliyyat rabitə və yüksək texnologialar nazirliyinin ildırım sürəti ilə məhkəməyə göndərdiyi şikayətlər həmin gün ərzində məhkəmə tərəfinən qarşı tərəfə müdafiə haqqı verilmədən bloklandı və ölkə ərazisindən çıxış qadağan edildi. Bu barədə hüquqşünas, Media Hüququ mütəxəssisi Ələsgər Məmmədli Turan İA-da yazır.
Baş verənlər əvvəlki bloklamalardan xeyli fərqlənir. Əvvəlki bloklamalarda daha çox iddiaçı tərəf dövlət qurumları olduğu halda və iddialar dövlətin təhlükəsizliyi bəhanəsinə söykəndiyi halda indiki müraciətlərdə dövlət yox, onun korrupsiyada, səriştəsiz idarəetmədə suçlanan məmurları özlərini haqlı tənqiddən qorumaq üçün NRYT Nazirliyini bir dəfəlik istifadə etdilər. Bu zaman bəhanə dövlət təhlükəsizliyi yox, guya böhtana məruz qalma oldu.
Məhz buna görə də baş verənlər ciddi qanun pozuntusudur. NRYTN-nə keçən il İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanuna edilən yeni əlavə ilə verilən səlahiyyəti yanlış anlamaqda və yanlış tətbiq etməkdədir. NRYTN sadəcə böhtan iddiasını öz mülahizəsi ilə məhkəməyə daşıya bilməz. Çünki, böhtan cinayət məcəlləsində şəxsə qarşı işlənən suçlardandır və onun müdafiəsi ilə dövlət qurumu yox, konkret böhtana məruz qalan tərəf iiddia qaldırmalıdır.
Böhtana məruz qaldığını iddia edən tərəf məhkəmədə böhtan olmasını sübut etmək vəzifəsi də daşıyır. Böhtan yaymaqda şübhəli tərəf isə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin müəyyən etdiyi təqsirsizlik prizumpsiyasından faydalanaraq, xüsusi ittiham qaydasında baxılan işin yekun qərarına qədər məsum hesab edilir. Yalnız, xüsusi ittiham qaydasında baxılan iş bu sahədə xüsusi ekspertizalar keçirildikdən sonra yekun qərar verə bilər. Çünki, diffamasiya iddiası media azadlığını, ifadə azadlığını təhdid etdiyindən və media azadlığı Avropa İnsan Hüquqları Konvensiyasınnı 10-cu maddəsi ilə qorunduğundan, yalnız demokratik cəmiyyətdə son zərurət kimi maddənin sanksiyası tətbiq edilə bilər.
NRYTN-nə keçən il İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanuna edilən yeni əlavə ilə verilən səlahiyyəti yanlış anlamaqda və yanlış tətbiq etməkdədir. Bir sözlə bu son bloklama olayı hüquqi rəzillikdən başqa bir şey deyil və gələcəkdə Azərbaycan hüquq sisteminin absurdlarına dair dəsrsliklərdə vazkeçilməz kazuslardan olacaq.