Deputat: İran, RF və Türkiyəyə qarşı sanksiyalar Azərbaycana da təsir edəcək

“Bu sanksiyalar çox ağır sanksiyalardır”.
“Turan” agentliyinin məlumatına görə, deputat Vahid Əhmədov ABŞ-ın Rusiya, İran və Türkiyəyə sanksiyalarının regiona təsirlərini şərh edərkən belə deyib.
Deputat daha sonra əlavə edib:
“Bu, üç dövlət, Azərbaycanla yüksək ticarət əlaqələri olan dövlətlərdir. Türkiyə ilə iki milyardan çox, o cümlədən Rusiya ilə iki milyarddan yuxarı, İranla 300 milyon dollara yaxın ticarət əlaqələrimiz var. Azərbaycan dövləti həmin dövlətlərə investisiya qoyub. Həmin dövlətlər də Azərbaycana investisiya yatırıb. Bu sanksiyaların aqibətinin necə olacağı hələ bilinmir. Çünki ABŞ-ın Rusiyaya, İrana, Türkiyəyə qoyduğu şərtlər çox ağır şərtlərdir. Faktiki olaraq Amerikanın təsiri milli valyutaları kəskin ucuzlaşmaya gətirib çıxarıb”
Rusiya, İran və Türkiyənin müəyyən addımlar atmağa çalışdığını bildirən Vahid Əhmədov bunun çətin olduğunu ifadə edib. Onun fikrincə, sanksiyalardan Qafqaz da təsirlənə bilər:
“Hesab edirəm ki, bu sanksiyaların Qafqaz ölkələrinə müəyyən qədər təsirləri olacaq. Ola bilər ki, birinci bir-iki ay ərzində müəyyən daxili ehtiyatlar hesabına milli valyutaların kursunu qoruyub saxlasınlar. Amma sonradan milli valyutaların əvvəlki kursunu qoruyub-saxlamaq çətin problemlər yarada bilər”
“Bütün bunlara baxmayaraq ticarət əlaqələri çox böyük olduğu üçün, əlbəttə biz müəyyən əziyyət çəkəcəyik. Azərbaycan dövləti müəyyən qadağalarla üzləşə bilər. Çünki qoyulan sanksiyalar İrandan, Türkiyədən, Rusiyadan Azərbaycana gələn malların idxalında müəyyən problemlər yarada bilər. O cümlədən Azərbaycandan da həmin dövlətlərə ixrac olunan mallarla bağlı müəyyən problemlər yarana bilər”.