İctimaiyyət

Məşhur jurnalistə ölkədən çıxmağa yenə imkan vermədilər

Jurnalistə Baş Prokurorluq tərəfindən qadağa qoyulduğu deyilib

Jurnalist Şahvələd Çobanoğlu avqustun 14-də Xaçmaz rayonunda, Şirvanovka sərhəd-keçid məntəqəsindən geri qaytarılıb.

Bu barədə Şahvələd Çobanoğlu “Facebook” səhifəsində məlumat paylaşıb.

Jurnalist yazıb ki, şimal bölgəsinə yas məclisinə gedibmiş:

“Sərhəd keçid məntəqəsinin yaxında olduğunu düşünüb, xərcsiz ötüşdüyünü nəzərə alıb, sərhəd buraxılış məntəqəsinə getdim. Heç hara getmirdim, yoxlanış edirdim, necə deyərlər, hüququmu test edirdim. Keçib dərhal geri dönəcəkdim. Buraxmadılar, sərhəd idarəsinə gətirdilər, nələrisə dəqiqləşdirib, bir müddət sonra “Baş Prokurorluq çıxışınıza qadağa qoyub” izahı ilə məni geri göndərdilər”.

Ş.Çobanoğlu daha sonra yazır:

“Ölkəmdə olmaqdan həmişə sevincliyəm, amma hüquqlarım illərdir pozulub. Həm də ağır nəticə doğuraraq. Bir nəticə sağlıq durumumla bağlıdır. 2014-cü ildə Türkiyədə müayinə olundum, müalicə başlandı, amma ölkədən çıxışıma qadağa qoyulması ilə hər şey dayandı. Detallarını yazmaq mənə xoş deyil, həm də elə çıxmasın ki, mənim ölkədən sərbəst çıxış hüququm “xəstəyəm, getməliyəm” dəlili üzərində qurulmalıdır. Mən humanizmə çağırış etmirəm. Mənim hüquqlarım pozulur. Sağlıq durumum tam normal olsa belə, hökumətin bizimlə belə davranmaq haqqı yoxdur. Mənimlə bərabər bir çox insanın eyni hüququ pozulur”.

Şahvələd Çobanoğlu 2014-cü ildə “Fərqli düşüncə” və Azadlıq Radiosunun faəliyyəti ilə bağlı cinayət işinə görə istintaqa cəlb edilib. Güman edilir ki, ona qadağa da həmin il qoyulub.

Daha çox göstər
Back to top button