Təhlil

Deputat: Hökumət maaşları, pensiyaları artırmalıdır ki, benzin bahalaşdığı halda əhali bu yükün altından qalxa bilsin

«Bəzi benzin markalarının bahalaşa bilməsi ehtimalı daha çox doğruya oxşayır. Son zamanlar dünyada baş verən iqtisadi kataklizmlər də belə ehtimalları doğruya bənzədir».

Deputat Fazil Mustafa bunu azadliq.org-a son günlər «Premium Euro-95» və «Super Euro-98» markalı avtomobil benzinlərinin qiymətinin artırılacağı barədə yayılan mülahizələri dəyərləndirərkən bildirib.

Onun fikrincə, burada əhalidən ötrü daha çox maraqlı olan Aİ-92 markalı benzinin qiymətinin necə olacağıdır: «Əgər bu marka benzinin qiyməti bahalaşmayacaqsa, sosial gərginlik olmayacaq. Digər növ benzinlərin istifadəçiləri isə az olduqları üçün həmin benzin növlərinin bahalaşması o qədər də diqqət cəlb etmir».

Deputat deyib ki, əgər Aİ-92 markalı benzin bahalaşacaqsa, hökumət əvvəlcədən tədbirlər görməlidir: «Belə ki, bu dəfə qiymət bahalaşması marşrut avtobuslarda və metroda bahalaşma kimi olmamalıdır. Hökumət maaşları, pensiyaları artırmalıdır ki, benzin bahalaşdığı halda əhali bu yükün altından qalxa bilsin».

Tarif Şurası iyulun 30-da marşrut avtobusları və metroda gediş haqlarını 50 faiz bahalaşdırıb.

Daha çox göstər
Back to top button