Meydan TV: Zəhərə çevrilən ağ qızıl

Son üç ildə Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını, xüsusilə də kənd təsərrüfatını öz prioritet sahəsi elan edib. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” da təsdiq edilib və məqsəd 2022-ci ilə kimi pambıq istehsalını 500 min tona çatdırmaqdır. Bütün dovlət qurumlarının üzərinə pambıqçılığın inkişafına xüsusi diqqət ayırmaqla bağlı öhdəlik qoyub.
Pambıq sahələrində kütləvi zəhərlənmələrə səbəb olduğu güman edilən pestisidlərin alınması və fermerlərə paylanması da əsasən dövlətin nəzarətində olan aqro-sənayə birlikləri tərfindən həyata keçirilir. Məhz bu səbəbdən fermerlərin hansı pestisidlərdən istifadə etdikləri haqda məlumat əldə etmək çətindir.
Son aylar ölkənin dörd müxtəlif rayonunda pambıq sahələrində çalışan fəhlələr arasında kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərin dəqiq sayı ictimaiyyətdən gizlədilir. Media və şahidlərlərin verdiyi məlumata əsasən, zəhərlənən şəxslərin sayı 400-dən çoxdur və onların arasında uşaqlar da var. Belə ki, bəzi fəhlələr onlara kömək etmələri üçün uşaqlarını da pambıq sahələrinə işləməyə götürürlər. Meydan TV-nin əməkdaşı Saatlıda pambıq sahəsində çalışan fəhlələrlə görüşən zaman da, işçi briqadasında üç yeniyetmə qıza rast gəlib. Lakin onlar əsl yaşlarını bildirməkdən çəkiniblər.
İlkin məlumatlara əsasən, fəhlələr pambıq sahələrində alaq otlarına və ziyanvericilərə qarşı istifadə edilən pestisidlərdən zəhərləniblər. Pambıq sahələrində zəhərlənmənin sayının daha çox olduğu İmişlidə zərərçəkənlərin əksəriyyəti rayonun Mərkəzi Xəstəxanasında müalicə alıb. Xəstəxananın baş həkimi Eynulla Qasımov fəhlələrin pesdisidlərdən zəhərləndiyini təsdiqləyir.
Artıq Tərtər və Sabirabadda pambıq sahələrində baş verən növbəti kütləvi zəhərlənmə hadisələri ictimaiyyətə günvurma kimi təqdim edilir.
Bakıdakı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov sözügedən şəxslərdə zəhərlənmənin təsdiq edilmədiyini iddia edir: “Onlarda yüngül başgicəllənmə, ürəkbulanma var idi. Bizim Mərkəz sırf zəhərlənmə ilə məşğul olur, zəhərlənməni ya təsdiq edirik, ya da inkar edirik. Bu pasientlərdə heç bir zəhərlənmə təsdiq olunmadı”.
İfact.ge Saatlının pambıq tarlalarında çəkilən “Rifle 48 EC” dərman preparatının fotolarınıyayıb. Bu dərmanın tərkibindəki əsas inqridient “Trifluralin”dir. Yabanı otların məhvi üçün nəzərdə tutulan “Trifluralin”in istehsalı və istifadəsi 2008-ci ildən etibarən Avropa Birliyində qadağan edilib. Bu kimyəvi maddə hələ də Türkiyədə, Kanada və ABŞ-da istifadə edilsə də, qaydalara əsasən dərman, yalnız xüsusi geyimdə olan işçilər tərəfindən istifadə edilə bilər.
Hüquqşünas Xalid Bağırov hesab edir ki, ölkə üçün prioritet sayılan bir sahədə belə bir hadisənin baş verməsi ən azı Milli Məclis səviyyəsində komissiya yaradılaraq araşdırma aparılmasını tələb edirdi. Belə bir komissiya baş verənlərə öz hüquqi-siyasi qiymətini verə bilər və gələcəkdə bu cür nöqsanlara yol verilməməsi üçün lazım gələrsə, qanunvericilikdə də müəyyən dəyişiklər edilə bilərdi.
İqtisadçı Toğrul Maşallı hesab edir ki, hökumətin pambıqçılıqda inzibati müdaxiləsi əksinə, bu sahədə məhsuldarlıq və rentabelliyi aşağı salır. Hökumətin bu sahəni inkişaf etdirmək yönündə səylərini artırmasına baxmayaraq, hər hektar üzrə məhsuldarlıq 2017-ci ildə öncəki ilə nisbətən azalaraq 1730 tondan 1510 tona enib.