Siyasət

Taleh Bağırzadə: “Azərbaycan hakimiyyəti son vaxtlar öz vətəndaşlarına qarşı terror etməkdədir”

Avqustun 10-da Sumqayıtda Gəncə hadisələri ilə əlaqədar keçirilən əməliyyat nəticəsində daha bir nəfər öldürüldü – 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlu. Bununla Gəncə hadisələrinə görə öldürülənlərin sayı 5 nəfər oldu.

Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilirdi ki, M.Rəhimov “Müsəlman Birliyi” Hərəkatının üzvü olub. O, bundan əvvəl həbsdə olduğu vaxt hərəkata qoşulub, və aqressivləşib.

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə açıqlama yayaraq, həm son vaxtlar hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyatlarda bir-birinin ardınca adamları öldürməsinə, həm də M.Rəhimovun hərəkatın üzvü kimi təqdim olunmasına münasibət bildirib. Məlumatı Meydan TV yayıb.

“Azərbaycan hakimiyyəti son vaxtlar öz vətəndaşlarına qarşı terror etməkdədir. Düzdür, biz uzun illərdir bu terrorla üz-üzəyik. Qanunsuz həbslər, insanların şərlənib zindanlara salınması, azadlıq istəyənlərin azadlıqdan məhrum edilməsi, işgəncələr… Bütün bunlar hakimiyyəti zəbt edənlərin vətəndaşa qarşı savaş açmasıdır. Son vaxtlar isə bütün məntiqi kənara qoyub, birbaşa, vətəndaşa “terrorçu” adı verib öldürməklə məşğuldurlar. Hərçənd, bunun ilk işartılarını biz hələ 2015-ci il noyabrın 26- da Nardaranda bunlar öz polislərini belə öldürməkdən çəkinməyəndə görmüşdük. Gəncə hadisələrindən sonra isə istədikləri adamı “terrorçu” elan edib öldürürlər. Qəribədir ki, öldürdükləri adamları da “Müsəlman Birliyi”nin fəal üzvü kimi təqdim edirlər”, – T.Bağırzadə bildirir.

İlahiyyatçı bəyan edib ki, “Müsəlman Birliyi” Hərəkatının Muraz Rəhimov adlı üzvü olmayıb. Onun sözlərinə görə, mərhum M.Rəhimovun həbsdə olarkən hərəkata qoşulması, daha da radikallaşması barədə deyilənlər də yalandır.

“Mən getdikcə inanmağa başlayıram ki, Gəncə hadisələrində də elə bu hakimiyyətin öz fitnəsi rol oynayıb, indi də qəzəblərinə tuş gələnləri fürsətdən istifadə edib öldürürlər, şahid buraxmaq istəmirlər”.

Daha çox göstər
Back to top button