Təhlil

Əksər ölkələrdən fərqli olaraq Azərbaycanda gəlir bəyannamələri niyə açıqlanmır?

Əksər ölkələrdən fərqli olaraq Azərbaycanda gəlir bəyannamələri niyə açıqlanmır?

Milli Məclisin Korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakimiyyətyönlü deputat Zahid Oruc deyir ki, belə bir qanunu Milli Məclis 18 il əvvəl qəbul edib, hökumətə təqdim edib, amma Nazirlər Kabineti nədənsə qanunun tətbiq mexanizmini hazırlamır.

AzadlıqRadiosu bunun niyəsini soruşmaq üçün Nazirlər Kabinetinə sorğu göndərdi, amma günün sonuna qədər cavab ala bilmədi.

Hakimiyyətin daimi tənqidçisi Aslan İsmayılov deyir ki, indi onsuz da Azərbaycanda var-dövləti öz adına olan azdır:

“Bəyan olunanlar ancaq rəsmi şəxsin adına olanlardır. Azərbaycanda isə bütün rəsmi şəxslərin öz adlarına demək olar ki, heç nə yoxdur. Əgər öz adlarına olan əmlakla Azərbaycanda kimin varlı olması müəyyənləşsəydi, mən Azərbaycanda ən varlı adam olardım, çünki bütün əmlakım qeydiyyatdan keçib. Amma vəzifədə olanların hamısı varını ya qohum-əqrabanın, ya da xaricdə yaradılmış anonim şirkətlərin adına rəsmiləşdirib”.

İndiyə qədər jurnalist araşdırmaları Azərbaycan prezidenti İlham Əliyevin də övladlarının adına xaricdə və ölkə daxilində mülklərin, şirkətlərin olduğunu üzə çıxarıb.

Məsələn, bu ilin aprelində Guardian qəzeti yazmışdı ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları Dubayda otel kompleksinin və dəbdəbəli villaların sahibləridirlər. Bu araşdırma həm də iddia edir ki, Azərbaycanda ən böyük şirkətlərdən olan Gilan Holding-in yarısı İlham Əliyevin qızlarınındır. Bu şirkətin bankçılıq, tikinti, turizm, kənd təsərrüfatı sektorlarında, “Qəbələ” futbol klubunda maraqları var.

Amma indiyədək hakimiyyət İlham Əliyevlə bağlı belə tənqidləri rədd edib, bildirib ki, dövlət başçısının ailə üzvlərinin bizneslə məşğul olmaq haqqı var. Bundan bir il əvvəl isə beynəlxalq araşdırmaçılar “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmada Azərbaycanın hakim zümrəsinin 2, 9 milyard dolları yumasını iddia edirdilər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, gəlir bəyannamələri açıqlanmadığı üçün azərbaycanlıların əslində nə qədər pulunun olması aydın deyil:

“Məndə belə bir təsəvvür yoxdur. Bununçün araşdırma aparılmalıdır. Azərbaycanda uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar var, amma biz bu gün Azərbaycanda bir rəsmi milyarder və ya milyonerin olduğunu bilmirik. Heç kim rəsmi milyoner və ya milyarder elan olunmayıb”.

Daha çox göstər
Back to top button