İctimaiyyət

Azərbaycan göyərtisinin qiymətinin qalxmasının şok səbəbi

Satıcılardan kimi göyərtinin qiymətinin qalxmasını ictimai nəqliyyatda qiymətlərin qalxması ilə, kimi anomal istilərlə, kimi də ərəblərlə əlaqələndirir. Yay ayları üçün, tamamilə, gözlənilməz olan qiymət artımı ilə bağlı eyni anda bir neçə versiya üzə çıxıb və hər bir satıcı da bunu müxtəlif səbəblərlə izah edir. Məlumatı Sputnik.az yayıb.

Paytaxta gələn bəzi satıcılar özlərinə çox da əziyyət vermədən qiymətlərin qalxması ilə bağlı sadəcə deyirdilər ki, bütün yerli məhsulların — qarpızın, pomidor-xiyarın və s. qiymətləri qalxıb. (Qeyd edək ki, bu tendensiya həqiqətən də mövcuddur. Əgər ötən il qarpızın kilosu 10-20 qəpik idisə, bu il bu zolaqlı giləmeyvənin kilosunu 40 qəpikdən ucuz tapmaq mümkün deyil).

Bakı kəndlərindən olan satıcılar göyərtinin qiymətinin qalxmasını asanlıqla ictimai nəqliyyatda gedişhaqlarının 50% qalxması ilə əlaqələndirirlər. (Baxmayaraq ki, satıcıların iri həcmdə olan göyərtini yarmarkalara avtobus və ya metro ilə gətirdiyinə inanmaq çətindir).

Bol sulu və nisbətən sərin Gəncə-Şəmkir bölgəsinin nömrələrini daşıyan minik və yük maşınlarında dayanan satıcıların bir hissəsi göyərtinin qiymətinin artmasını bu yaxınlaradək davam edən anomal istilərlə izah edir. Onların sözlərinə görə, isti hava məhsul itkisinə səbəb olub. (Yeri gəlmişkən, bu səbəb, həqiqətən də yuxarıda göstərilən qiymət artımına və digər bitkilərin yetişdirilməsinə də təsir edən amillərdən biri ola bilər).

Bütün bunlarla yanaşı, qərb regionlarından olan satıcıların yarmarkalarda qiymət artımı ilə bağlı irəli sürdüyü maraqlı mülahizə, xüsusilə, diqqətəlayiqdir. Onların sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhəddində bir dəstə keşniş və cəfərinin qiyməti 80 qəpiklə 1 manat arasında dəyişir. Qiymətlərdəki bu əhəmiyyətli sıçrayışı onlar belə izah edirlər ki, Gürcüstanda yaşayan azərbaycanlılar əvvəllər özlərinin becərdiyi göyərtini satırdılar, indi isə onlar özləri də təzə göyləri Azərbaycandan alıb aparırlar.

Şayiələrə görə, onlar Azərbaycandan aldıqları göyərtiləri daha sonra yüksək qiymətə onların kütləvi alıcısı olan ərəb ölkələrinə satırlar. Odur ki, bilinmir, Gürcüstan azərbaycanlıları bu göyü öz daxili bazarlarında satmaq üçün alırlar, yoxsa, həqiqətən də ərəblərə baha qiymətə satmaq üçün.

Tələbatın artması ilə qiymətlərin də artması təəccüblü deyil. Bir sıra azərbaycanlı satıcılar etiraf edirlər ki, Gürcüstanda ərəblər bir dəstə cəfərini 6-7 lariyə (3,9-4,5 manat) alırlar.

Daha çox göstər
Back to top button