Siyasət

DAS üzvləri Angela Merkelə müraciət göndərdilər

Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatının üzvləri Almaniya kansleri Angela Merkelə müraciət ünvanlayıblar. Bu barədə Meydan TV-yə məlumat verən DAS İdarə Heyətinin əlaqələndiricisi Cavid Cabbarlı deyir ki, müraciət avqustun 22-nə təyin edilmiş aksiya ilə bağlıdır: “Xanım Merkel avqustun 23-dən 25-dək Cənubi Qafqaza səfər edəcək. Onun Azərbaycana gedəcəyi planlaşdırılır. Biz səfəröncəsi bəzi məqamları xanım Merkelin diqqətinə çatdırmağı planlaşdırırıq. Bu münasibətlə avqustun 22-də Berlində aksiya təşkil edəcəyik. Aksiyada siyasi məhbusların qeyd-şərtsiz azad olunmalarını tələb edəcəyik. Eyni zamandan kanslerdən Azərbaycanın oliqarx məmurlarına qarşı sanksiyaların qoyulması, kirli pulların yuyulmasında adları hallanan bəzi alman banklarının barəsində ölçü götürülməsi və diktator hakimiyyətlə əlaqələrə yenidən baxılması istəniləcək. “Maraqlara görə demokratiya və insan haqlarına qarşı hayqırıya son verin”,- tələbi də şüarlarımızdan biridir”. DAS sözçüsü deyir ki, Almaniya dünya siyasətində təsir imkanlarına malik dövlətdir. “Biz Avropadan və xüsusən Almaniyadan ədalətli davranmağı, insan hüquq və azadlıqlarına hörmət etməyi, xalqını əzən, səfil gününə qoyaraq, dövlətin büdcəsini talayaraq ofşor ərazilərə daşıyan hakimiyyətlə əlaqələrin kəsilməsini tələb edirik. Demokratiya carçısı olan dövlətlər bizim bu tələbləri normal qarşılamalı və Azərbaycan rejiminə qarşı sərt davranmalıdır“. DAS Avropada yaşayan mühacir azərbaycanlılar tərəfindən yeni yaradılmış ictimai-siyasi təşkilatdır. Bu müraciəti təqribən 80 DAS üzvü imzalayıb.

Daha çox göstər
Back to top button