Vüqar Bayramov: “Qlobal və regional valyuta bazarındakı dəyişikliklər milli valyutamıza da psixoloji təsir göstərir”

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dollara nisbətdə dalğalanması davam edir.
Türkiyədə dollar lirəyə nisbətdə 6.10 lirə ətrafında stabilləşsə də, ABŞ valyutasının yenidən dəyər qazanacağı yönündə gözləntilər yüksəkdir. Eləcə də, Rusiyada dolların rubla nəzərən məzənnəsi 67.18 lirə təşkil edir.
İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, rəsmi Ankara dolların 6 lirə ətrafında məzənnəsini qoruyub-saxlamağa çalışsa da, bu, asan olmayacaq:
İqtisadçı deyir ki, qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza da psixoloji təsir göstərir:
“Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da, yenə də əvvəlki aylarla müqayisədə yüksəkdir.
Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Belə görünür ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur, baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər.
Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil.
Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub-saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək.
Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələbin yenidən yüksələcəyi gözlənilir”.