Ekonomika

Azərbaycanın xarici borcu 2,6 faiz artıb

Maliyyə Nazirliyi bu ilin birinci rübündə xarici dövlət borcunun vəziyyəti haqda məlumatı açıqlayaraq bildirib ki, il başlayandan borc 244,6 milyon ABŞ dolları və ya 2,6 faiz artıb. Məlumatı “Turan” informasiya agentliyi yayıb.

Aprel ayının 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu $9 milyard 642,9 milyona (və ya 16 mlrd. 392,9 mln. manat) çatıb. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Bu, 2017-ci il üzrə Ümumi Daxili Məhsulun (74,6 mlrd. manat) 22%-i qədərdir. Fevral ayında Maliyyə Nazirliyi ÜDM-ni 70,1 milyon manat həcmində qiymətləndirmişdi.

2018-ci ildə Azərbaycanın xarici dövlət borcuna xidmət xərcləri əvvəlki ildəki kimi yüksək olacaq. Təsdiq olunmuş büdcə xərclərində xarici dövlət borcunun ödənilməsinə 2 milyard 159,6 milyon manat nəzərdə tutulub. Buraya 533,6 milyon manatlıq faiz ödənişləri də daxildir.

Nazirlik xarici dövlət borcunun borcverənlər üzrə strukturunu açıqlamayıb.

 

Daha çox göstər
Back to top button