İctimaiyyət

Rusiyalı bloqçuları Azərbaycandan deportasiya ediblər

Rusiyalı bloqçu Aleksandr Pilot həyat yoldaşı Darya Pilotla birlikdə dünyanın müxtəlif ölkələrinə səyahət edirlər. Onlar bu yaxınlarda Azərbaycana da səyahət etmək qərarına gəliblər. Gömrük keçid məntəqəsindən böyük çətinliklə keçəndən sonra yolda tanış olduqları insanların məsləhəti əsasında ilk olaraq Xaçmazı ziyarət ediblər. Məlumatı sputnik.az yayıb.

“Bizə bu rayonu məsləhət gördülər və biz ora getməli olduq. Düzünü deyək ki, sonra buna görə çox peşman olduq. Çünki buranın sakinlərindən heç kəs rus dilini başa düşmürdü. Biz onlara nəyisə izah etməkdə çox çətinlik çəkdik” — deyə cütlük bildirib.

Bundan sonra onlar Xınalığı və Şəkini ziyarət ediblər.

“Şəki çox gözəl şəhərdir. Bu, bizim gördüyümüz Azərbaycan rayonları içərisində ən turistik və ən tarixi rayondur. Xınalıq kəndi də xoşumuza gəldi. Ora çatanda bizdə elə bir hiss yarandı ki, sanki Hindistandayıq. Maşının hər tərəfindən uşaqlar yaxınlaşaraq əllərindəki şeyləri satmağa çalışır və bizdən onları almağı xahiş edirdilər. Düzünü desək, bu bizi bir qədər narahat etdi” — deyə cütlük bildirib.

Bir neçə rayonu ziyarət edəndən sonra cütlük hər şeydən çox görmək istədikləri Bakıya gəliblər. Onlar burada kiçik bir mənzil kirayələyiblər. Lakin belə isti havada bu mənzildə kondisioner və sərinkeş olmayıb. Cütlük Bakıda İçərişəhəri, Qız qalasını ziyarət edib. Lakin qalanın başına çıxmayıblar. Çünki turistlər üçün tətbiq edilən 12 manat qiymətin həddindən artıq bahalı olduğunu düşünüblər.

“Burada maşını yalnız müəyyən olunmuş yerlərdə parklamaq olar və bu bizim qanımızı qaraltdı. Odur ki, şəhərə maşınla çıxmağı tövsiyə etmirik” — deyə bloqçular bildirib.

Cütlük ən böyük çətinliklə Azərbaycanı tərk edib Gürcüstana keçərkən qarşılaşıb. Onları ölkədə 10 gündən artıq qaldıqları üçün sərhəddə saxlayıblar. Burada qeyd etmək lazımdır ki, Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşadıqları yer üzrə qeydiyyatdan keçməlidirlər.

“Biz Azərbaycan sərhəddini “döyüşərək” keçdik. Hər şey onunla bitdi ki, bizi deportasiya etdilər. Biz nə qədər ki, adambaşına 400 manat cəriməni ödəməmişik, Azərbaycanı ziyarət etmək hüququmuz yoxdur. Əgər biz iki ay müddətində bu pulu ödəməsək, üzərinə faiz gələcək. Gürcüstan gömrüyündə isə biz heç bir problemlə üzləşmədik” — deyə cütlük bildirib. Onlar əlavə ediblər ki, bir daha Azərbaycana qayıtmaq fikirləri yoxdur.

Qeyd edək ki, blogger Aleksandr Pilot 2016-cı ildən dünya ölkələrinə səyahət edir.

Daha çox göstər
Back to top button