İctimaiyyət

Aztəminatlı azərbaycanlılar hüquqi müdafiə imkanlarını gerçəkləşdirməkdə çətinlik çəkirlər

Aztəminatlı vətəndaşlar mülki mübahisələrlə bağlı məhkəməyə müraciət etmək, hüquqi müdafiə imkanlarını gerçəkləşdirməkdə çətinlik çəkirlər. Bəzi hallarda ümumiyyətlə, bu hüquqlarından istifadə edə bilmirlər. Çünki vəkil tutmağa pulları yoxdur. Məlumatı AzadlıqRadiosu yaydı.

AzadlıqRadiosu paytaxt sakini Reyhan Balabəyovanın timsalında yoxsulluq üzündən bu hüququndan faktiki məhrum olmuş vətəndaşların problemini təqdim etdi. 58 yaşlı qadının gəlini bir neçə il öncə dünyasını dəyişib, oğlu da ağır xəstədir, iki azyaşlı nəvəsini himayəsinə götürməyə çalışır, ancaq maneələrlə üzləşir. Buna görə icra hakimiyyətini məhkəməyə vermək istəyir, o da alınmır. Çünki vəkillə müqavilə bağlamağa pulu yoxdur.

Ekspertlər hesab edir ki, nümayəndəlik institutunun məhdudlaşdırılması bu sahədə vəziyyəti ağırlaşdırıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da AzadlıqRadiosuna məsələni şərh edərkən problemin mövcudluğunu təsdiqləyib. Çünki qanunvericilikdə inzibati xəta, cinayət işləri və kassasiya instansiyasında (Ali Məhkəmə) vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi əksini tapsa da, mülki işlərlə bağlı heç nə yoxdur. Vətəndaş mülki mübahisəsini məhkəmə qaydasında həll etmək istəyirsə, bunu ancaq öz vəsaiti hesabına etməlidir. Mülki işlər üçün dövlət hesabına vəkil nəzərdə tutulmayıb.

Həm ekspertlər, həm də Vəkillər Kollegiyasının rəhbərliyi pulsuz hüquqi yardımla bağlı qanunvericilikdə dəqiq tənzimləmələrə ehtiyac duyulduğunu söyləyir.

Hüquqşünas deputat Fazil Mustafa AzadlıqRadiosuna bildirib ki, belə problemlərin yaranması gözlənilən idi. Vəkillər Kollegiyasına son qəbuldan sonra üzvlərin sayı artırılsa belə, yenə də Azərbaycanda vəkillərin sayının az olduğunu söyləyən millət vəkili deyir ki, həm bu amili, həm də aztəminatlı vətəndaşları nəzərə alıb, nümayəndəlik institutunun bu şəkildə məhdudlaşdırılmasının əleyhinə idi:

​«Vəkillə müqavilə bağlamaq aztəminatlı vətəndaş üçün əlçatan deyil. Nümayəndəlik institutu tam fəaliyyət göstərəndə belə, vətəndaşlar cüzi məbləğə bu problemlərini həll edə bilirdilər. Adamın cəmi 10 manata gücü çatırsa, vəkilin onunla 10 manatlıq müqavilə bağlaması nə dərəcədə realdır? Vəkil müqavilə əsasında işə çıxır, vergi ödəyir, onun da işə çıxmaq üçün marağı olmalıdır. Yoxsul insana hamı eyni vicdan meyarı ilə yanaşıb, özünün başqa işlərini atıb, var gücü ilə ona kömək etməyəcək ki… Üstəlik, aztəminatlı vətəndaşı müəyyən eləmək də çətindir. Bu cür vətəndaşların sayı da get-gedə artmaqdadır».

Daha çox göstər
Back to top button