Təhlil

R. Cəfərov deyir, Bakıda insan haqları məsələsi qaldırılsa belə, bunun ciddi bir nəticəsi olacağını gözləmir

Avropadakı beynəlxalq təşkilatlarla əməkdaşlıq edən, hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, tez-tez Avropanın məhz enerji maraqlarına görə demokratiya məsələsində qəti mövqe ortaya qoya bilməməsinin şahidi olub. O, ümid edir ki, Angela Markel Bakı səfərində bu məsələni diqqətdə saxlayacaq:

“Çünki 2015 və 2016-cı illərdə İlham Əliyevin Berlinə səfərində insan haqlarının durumu məsələsi qaldırılmışdı. Özəlliklə, 2015-ci ildə həbsdə olan hüquq müdafiəçiləri ilə bağlı, həm də 2014-cü ildə QHT-lərə qarşı cinayət işində Almaniya Fondları ilə bağlı məsələlər qaldırılmışdı. Ümumiyyətlə, Almaniya o vəziyyətdədir ki, bu məsələlərinin üstündən kor-koranə keçib gedə bilməz”. Məlumatı AzadlıqRadiosu yaydı.

Rəsul Cəfərov deyir, insan haqları məsələsi qaldırılsa belə, bunun ciddi bir nəticəsi olacağını gözləmir. Düzdür, Real Partiyasının sədri İlqar Məmmədovun bu yaxınlarda azadlığa buraxılmasını bəziləri məhz Angela Merkelin Azərbaycana səfəri ilə əlaqələndirirlər, amma Rəsul Cəfərovun fikrincə, Avropa enerji maraqlarını daha üstün tutur.

Beynəlxalq hüquq müdafiə təşkilatları da Qərbin, enerji maraqlarına görə Azərbaycanla bağlı prinsipial mövqe tutmadığını iddia edirlər. Azərbaycan hökuməti isə adətən insan haqlarının pozulması ilə bağlı ittihamları rədd edir. Ölkədə bütün azadlıqların təmin olunduğunu bəyan edir.

Yeri gəlmişkən, 2015-ci ildə Avropa Oyunları ərəfəsində Almaniya parlamenti – Bundestaq Azərbaycanda insan haqlarını tənqid edən qətnamə qəbul etmişdi. O zaman Azərbaycan prezidenti İlham Əliyev buna sərt reaksiya vermişdi.

“Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır”.

Daha çox göstər
Back to top button