Siyasət

Əli Kərimli: Normalda dövlət başçısı belə absurd fikirləri səsləndirməməlidir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli prezident İlham Əliyevin dünən, avqustun 25-də Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında müxalifət barədə dediklərinə reaksiya verib.

AXCP sədri adamların ölkə başçısının söylədiklərinə təəccübləndiklərini deyib:

“Dünəndən xeyli adam şokdadır ki, İlham Əliyev bütöv bir xalqın gözünün içinə baxaraq necə “Azərbaycanda bütün azadlıqlar təmin olunub. O cümlədən, söz azadlığı, mətbuat azadlığı…” deyə bildi? Axı belə olmadığını dünya da, xalqımız da əla bilir. Adamlar təəccüb içindədir ki, İlham Əliyev necə “Tənqidə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur” dedi? Bəs bu balaca ölkənin həbsxanalarında 150 nəfər siyasi məhbus haradandır? Adamlar təəccüb içindədir ki, İlham Əliyev necə deyə bilir ki, müxalifətin mitinqlərinə heç bir maneə yaradılmır, bu mitinqlərə cəmi min nəfər adam gəlir? Axı mitinqlərlə bağlı təkcə həbs olunanların sayı yüzlərlədir. Mən hələ bir stadiondan başqa heç yerdə toplaşmaq imkanı olmadığını, stadionun girişində qurulan kameraları, işdən çıxarılanları, ailəsinə təzyiq olunanları demirəm”.

Əli Kərimli vurğulayıb ki, normalda dövlət başçısı belə absurd fikirləri səsləndirməməlidir:

“Ancaq İlham Əliyevin bu sözləri məni təəccübləndirmir. İlham Əliyev “Azərbaycanda seçkilər tam demokratik keçirilir”, “Ölkədə işsizlik 5%-dir”, “Korrupsiya ilə ciddi mübarizə aparırıq” kimi absurd fikirləri necə deyə bilirsə, həmin qaydada da qeyd etdiyim fikirləri səsləndirir.”.

Daha çox göstər
Back to top button