Angela Merkel Dağlıq Qarabağ məsələsi haqqında

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək.
Trend-in məlumatına görə, bunu Bakıda Almaniya Kansleri xanım Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
A.Merkel bildirib: “Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik.
Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq”.
Onun sözlərinə görə, Ermənistanda yeni hökumətin qurulması bəlkə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara təkan verilməsinə səbəb ola bilər.
“Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik. Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər. Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var.
Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir. Bizim bundan sonrakı dialoqumuzun intensivləşdirilməsi üçün şərait və əsaslar var. Bəzən fərqli fikirlər olanda da bu barədə danışmaq və fikir mübadiləsi aparmaq lazımdır və qarşı tərəfin fikrinə də diqqətlə qulaq asmaq lazımdır. Ona görə də mən Sizə müzakirələr üçün təşəkkür edirəm, çox sağ olun”.