“Azərbaycanın xarici borcları niyə artır?”

“Modern.az” saytında “Azərbaycanın xarici borcları niyə artır?” sualı gündəmə daşınır. Müəllif xarici borcların artması səbəblərini iqtisadçı Qadir İbrahimli ilə təhlil edib.
Yazıda bildirilir ki, son vaxtlar Azərbaycanın xarici borcları ilə bağlı məsələ daha da aktuallaşıb. Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 643 milyon dollar və ya 16 milyard 393 milyon manat təşkil edib. Halbuki, ötən ilin əvvəlində bu məbləğ 6,913.2 milyon ABŞ dollarına bərabər olub.
Q.İbrahimli isə ölkədə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcminə nisbətdə xarici borcun o qədər də yüksək olmadığını düşünür:
“Azərbaycanın xarici borcu 2018-ci il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 22 faizini təşkil edir. Yəni bu il 74 milyard 647 milyon manat ÜDM istehsalı nəzərdə tutulub. Beləliklə, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 22 faizi həddində qiymətləndirilir ki, bu da kritik həddən (40 faiz) xeyli aşağıdır”
Q.İbrahimliyə görə, son 18 ayda xarici dövlət borcunun artmasının iki əsas səbəbi var:
“Bunlardan biri hökumətin Beynəlxalq Bankın zərərli aktivlərini və xarici borcunu öz üzərinə götürməsidir. Hökumət bunu bu bankın sistem əhəmiyyətli bank olması və ölkənin bütünlükdə bank sisteminə təsir göstərəcəyi ilə izah etdi. Digər əsas səbəb isə Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi ilə bağlı götürülən borclara verilən dövlət zəmanətidir. Bu layihənin icrası ilə məşğul olan “Cənub Qaz Dəhlizi” QSC -nin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsusdur”.
İqtisadçıya görə, əsas narahatçılıq doğuran məqam dövlətə məxsus şirkətlərin və səhmdar cəmiyyətlərin borclanmalarıdır.
Q.İbrahimli vurğulayır ki, son illərdə SOCAR-ın getdikcə artan borcları və investisiya yatrılan layihələri müəyyən suallar doğurur.
O, borclu dövlət qurumları arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti (QSC) və “Azərenerji” Açıq Səhimdar Cəmiyyətini (ASC) də göstərir.