İctimaiyyət

Azərbaycanda sərhədyanı rayonlarda xarici radio və televiziya kanallarından narahatdırlar

Azərbaycanın sərhədyanı bölgələrində xarici televiziya və radioların tezliklərinin yerli tezliklərə qarışması probleminin illərdir yazılmasına, müzakirə edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb. “Report”un xəbərinə görə, sərhədyanı bölgələrdə yaşayan insanlar xarici televiziyalara baxmaq, əcnəbi radioları dinləmək məcburiyyətində qalır. Baxmayaraq ki, ekspertlər bunun ölkənin informasiya təhlükəsizliynə xələl gətirdiyini deyir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin baş məsləhətçisi Fikrət Xudatzadə “Report”a açıqlamasında deyib ki, bu, dövlətlərarası münasibətlərlə bağlı məsələdir. F.Xudatzadə qeyd edib ki, sərhədyanı ərazilərdə bunun qarşısını almaq mümkün deyil: “Əgər həmin ərazilərə əlavə ötürücülər quraşdırsaq, o zaman bizim yerli kanallarımıza təsiri olacaq. Ona görə də problemin həll olunması dövlətlərarası müqavilələrlə tənzimlənməlidir. Bu barədə mütəmadi şəkildə müzakirələr aparılır”.

F.Xudatzadə əlavə edib ki, mövcud problem daha çox ölkənin qərb və cənub zonalarında müşahidə olunur: “Bura Ucar, Beyləqan, Bərdə, İmişli, Lənkəran, Astara aiddir. Orada da əsasən İran kanalları göstərir. Daim xarici ölkələrlə müzakirə aparılır ki, ötürücülərin gücünü azaltsınlar. Onlar bizdən hündürdə yerləşdiyinə görə belə olur. Biz də öz tərəfimizdən ötürücülərin gücünün artırılmasını istəyirik, lakin bu, bizə maneçilik törədir. Amma ümumilikdə mövcud məsələ daim nəzarətimizdədir”.

Daha çox göstər
Back to top button