Politoloq: Şəhriyara pis münasibət təəccüb doğurmamalıdır

Azərbaycanın ən çox ad qazanmış şahmatçısı Şəhriyar Məmmədyarov sponsor olmamasından şikayətlənib. O, öz facebook səhifəsində yazıb ki, beynəlxalq turnirlərə gediş xərclərini özü çəkir və onlarda pul qazanmaq üçün iştirak edir.
Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova bildirib ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma, səfərləri üçün nəzərdə tutulur. Əlavə xərclər də ödənilib. Heç bir şahmatçı qatılıdığı beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tətəfindən hərtərəfli təmin edilir.
Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Mahir Məmmədov Oxu.Az-a açıqlamasında belə turnirlər üçün federasiyanın maliyyə ayırmadığını söyləyib: “O, heç bir yarışa öz hesabına getmir. Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, klubdursa, həmin qurum tərəfindən maliyyələşdirilir. Əgər fərdi şəkildə superturnirdə iştirak edirsə, turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm təyyarə, həm də hotel pulu ödənilir”.
Sonra Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazdığı fikirlərə aydınlıq gətirib: “Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib”. O deyib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turniri üçün maliyyə dəstəyi alıb.
“Bu məbləğ yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir. Həmçinin, milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Ümumilikdə il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm”. Məmmədyarov bildirib ki, şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib vermək və s. xərcləri öz hesabına ödədiyindən, məcburən çoxsaylı turnirlərə qatılmalı olur. Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır.
Politoloq Nəsimi Məmmədli Şəhriyar Məmmədyarovun statusu ilə bağlı yazır ki, Şəhriyara pis münasibət təəccüb doğurmamalıdır: “Qətiyyən təəcüblənmədim. Çünki, çağdaş Azərbaycanda başqa nə münasibət ola bilər ki? Məgər idarəçilər, “sahibkarlar” arasında ölkənin müsbət imici üçün düşünən hansısa şəxs ola bilər? Belə bir nəfəri tapıb göstərə bilərsiniz? Bu durumda, əlbətdə ola bilməz!
İndi dünyada Azərbaycan əsasən eyibləri ilə gündəmdədir. Sanki içimizdə maskalanan hansısa qüdrətli əllər xalqımızı dünyaya savadsız, nadan, acgöz, yaltaq, vəhşi kimi göstərmək üçün bütün resurslarını işə salıb. Öz gücü ilə az-çox üzə çıxan müsbət istisnaları da yox etmək üçün sanki sistemli iş aparılır. Bu hallar hər sahədə var.
ABŞ-da yaşayan bir erməni milyarder 10 ildən artıqdır ki dünyanın müxtəlif yerlərindən seçilən 1700-dən çox erməni tələbəyə yüksək təqaüd verir. Onları dünya standartlarında hazırlamağa sərmayə qoyur. Ermənistanın gələcəyi üçün elə bir nəhəng təməl atılır ki, bu gedişlə biz onun heç həndəvərinə də yaxınlaşa bilməyəcəyik.
Şəhriyar istedadlı və bacarıqlı insandır. Həm də öz başına çarə tapacaq resurslara malikdir. Əslində çox bərbad, acınacaqlı durumda olan bütövlükdə xalqımızdır. Ölkədəki idarəetmədən qaynaqlanan münasibətlər sisteminin ağır fəsadları hamımıza az-çox mənfi təsir edib. Bu gerçəkləri dərk edənlər, onları ortadan qaldırmaq üçün açıq iradə sərgiləməlidir”.