Rus bölməsi üzrə pedaqoqların çatışmazlığı səbəbindən uşaqlar qəbul olunmur

Bakı və Abşeron məktəblərinin rus bölməsində yerlər çatışmır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu problemlə uşaqlarını 1-ci sinfə göndərən onlarla valideyn qarşılaşıb. Öz uşaqlarını on-line qeydiyyatdan keçirən valideynlər onları müvafiq yerlərə yerləşdirə bilməyiblər. Çünki uşaqların məktəblərə on-line qəbulu prosesi yazda başlayıb və indiyədək rus bölməsindəki bütün siniflər komplektləşib.
Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin Abşeronda uşaqların məktəblərə qəbulunu həvalə etdiyi Bakı şəhər Təhsil İdarəsi valideynlərə öz uşaqlarını Azərbaycan bölmələrinə qeydiyyata saldırmağı tövsiyə edib. Hər gün Bakı şəhər Təhsil İdarəsinə etiraz cavabı alan yüzlərlə valideyn zəng edir. Onların hamısına öz mövqeyini dəyişmək və Azərbaycan dilində təhsili seçmək təklif olunur.
Məlumatlı mənbələrin məlumatına görə, təhsil sistemində rus bölməsi üzrə pedaqoqlar çatışmır. Üstəlik, vakant müəllim yerlərinə keçirilən imtahanlarda rusdilli müəllimlər yüksək nəticələr göstərə bilmirlər. Nəticədə, təhsil sistemindəki məmurlar belə bir dilemma qarşısında qalırlar: ya işə ixtisasını yaxşı bilməyən kadrları götürərək bütöv bir nəsli intellektual cəhətdən məhv eləmək, ya da əlavə rusdilli qruplara uşaqları qəbul etməkdən imtina etməklə qəzəbli valideynlər ordusu ilə qarşılaşmaq.