Ekspertlərin təklifi: Azərbaycan məktəblərində rus bölməsi pullu olsun

Bir neçə gündür ki, mətbuatda Azərbaycan məktəblərində rus bölməsinin pullu olması barədə təkliflər səsləndirirlər.
Oxu.Az-a danışan təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, rus bölməsi ləğv olunmalıdır:
“Ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək”.
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir:
“Bu təklif ona görə irəli sürülür ki, son illərdə rus bölməsində təhsilə ciddi maraq oyanıb. Rus bölməsini pullu etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadəlöhvlük olardı. Bu, birincisi, vətəndaşların hüquqlarının pozulmasıdır. Çünki maddi vəziyyəti aşağı olan ailələrin övladları bu təhsildən məhrum olacaqlar. İkincisi, bu, daha ciddi sıxlığa gətirib çıxara bilər. Çünki ödənişli təhsildə hansısa say məhdudiyyəti tətbiq etmək olmaz.
Sıxlığın və valideyinlərin rus bölməsinə getməsinin qarşısını almaq üçün, hesab edirəm ki, ilk növbədə Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır. Bundan sonra rus bölmələrinə qəbulu birbaşa yox, müsahibə mərhələsi tətbiq etməklə həyata keçirmək zəruridir. Yəni rus dilində bilik və bacarıqları olmayanlar, anlayışı olmayanları qəbul etməməklə bu problem aradan qaldırmaq olar”.