Siyasət

Gəncə şəhər icra hakimiyyətinin qalmaqallarla məşhur olan başçısı E. Vəliyev bu vəzifədən azad edilib

Azərbaycan prezidentinin 28 avqust tarixli sərəncamı ilə Gəncə şəhər icra hakimiyyətinin qalmaqallarla məşhur olan başçısı Elmar Vəliyev bu vəzifədən azad edilib.

Prezidentin rəsmi saytınının yaydığı məlumata əsasən, dövlət başçısının digər sərəncamı ilə Niyazi Bayramov Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin edib. Buna qədər N.Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Yeni icra başçısı təyin olunan Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb.

1995-1997-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini işləyib.

O, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi vəzifələrində çalışıb.

Niyazi Bayramov 2012-ci il də Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür.

Eyni zamanda, prezidentin sərəncamı ilə Vaqif HəsənovAğdam Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Vaqif Həsənov bundan əvvəl Bakının Xəzər Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini idi.

İbrahim Mustafayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Xatırladaq ki, kobud və tərbiyəsiz insan reputasiyasına malik olan Vəliyev şəhər sakinlərini təhqir etdiyinə və alçaltdığına görə iyulun 3-də gəncəli Yunis Səfərov tərəfindən ağır yaralanıb. Bundan sonra şəhərdə iğtişaşlar başlayıb, iğtişaşlar zamanı iki polis zabiti öldürülüb. Hakimiyyət baş verənləri dini radikalların fitnəsi ilə izah etməkdən daha yaxşı heç nə tapmayıb.

Daha çox göstər
Back to top button