İctimaiyyət

Rəsmi şəxs deyib ki,”ananızı qocalar evinə qoyun, bacınızla siz də bir yerə yığılın”

Tərtər Texniki Peşə Məktəbində məskunlaşmış ailələrin əksəriyyətini məcburi köçkünlər üçün tikilmiş evlərə köçürsələr də, 73 yaşlı ana iki qızı, iki körpə nəvəsi ilə birlikdə hələ də burada yaşayır. Buna yaşamaq demək mümkünsə… Binanın qazı, işığı, suyu kəsilib. Antisanitar vəziyyət baş alıb gedir. Hamam, yuyunmaq üçün şərait belə, yoxdur.

Bu sökülmüş, bərbad hala düşmüş binada hələ də yaşayan məcburi köçkünlər var. Şəfiqə Əmrahovanın  evində su,ışıq və qaz yoxdur. “Altı aydı işığımızı, suyumuzu kəsiblər. Gündə taksiyə iki manat verib, bir vedrə su gətirirəm. Bununla qoca arvad dolanar?”- deyə Şəfiqə Əmrahova etiraz edir.
Şəfiqə xanımın dediyinə görə, həm məskunlaşdığı binanın işığı kəsilib, həm də dövlət tərəfindən nəzərdə tutulan işıq pulunu vermirlər: “Altı aydı işığımızı kəsiblər. İşıqpulunu da vermirlər ki, şam alam, gecələr işığında oturam. Aldığım pensiyanı da suya, şama verirəm”.

Hicran Əmrahova, anası və bacısı “Qaçqınkom”da ayrı ailələr kimi qeydiyyatda olublar. Onların kommunal xidmətləri, suya, qaza, işığa görə xərcləri, sayğacları ayrı olub. Ancaq 73 yaşlı ananı qızları və nəvələri ilə birlikdə məcburi köçkünlər üçün tikilmiş mənzillərlə təmin etməyiblər.

H.Əmrahova köçürülməmələrinin səbəbini belə izah edir: “Üç ailə ayrı-ayrı təsərrüfat olduğumuz halda bizə bir yerdə ev vermək istəyirdilər. Etirazımıza da məhəl qoyan olmadı”.

H.Əmrahova iddia edir ki, məcburi köçkünlər üçün tikilmiş evlər pulla satılıb: “Qaçqınkom”dan gəlmiş nümayəndə Elman İsmayılova bildirdim ki, qanunla bizə düşən evi vermirsiniz, heç olmazsa anamla mənə bir ev, bacımla uşaqlarına da başqa ev verin. Elman İsmayılov mənimlə razılaşmadı. Dedi ki, “ananızı qocalar evinə qoyun, bacınızla siz də bir yerə yığılın”. Sonra da qolumdan tutub, “evlər pulla satılıb”- demisən, kimə satılıb?” soruşdu. Mən də adbaad kimlərə satıldığını dedim”-deyə H. Əhramova qeyd etdi.
 

 

Daha çox göstər
Back to top button