”Mingəçevir qəzasında ölkəyə yarım milyard manat ziyan dəyib”

Azərbaycanın prezident İlham Əliyevin sərəncamı sentyabrın 4-də ilə Etibar Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən kənarlaşdırıldı.
Elə həmin gün də prezident tərəfindən yaradılan Dövlət Komissiyasının rəyi açıqlandı.
Rəydə bildirlib ki, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin başvermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilib:
“Rəydə qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub. Ölkə başçısı nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Facebook” səhifəsində yazıb ki, Mingəçevir qəzasında əhaliyə və iqtisadiyyata 276 milyon dollar (469,2 mln. manat) ziyan dəyib.
İlham Şaban Meydan TV-yə deyib ki, komissiya beynəlxalq metodologiya əsasında hesablama aparıb. Hesablama ona əsaslanır ki, elektrik enerjisi neçə saat dayandırılıb. Baxın, elektrik enerjisi axşam saatlarında, insanların işdən qayıtdığı zaman dayandırılıb, nə qədər insan metro tunellərində qalıb. Gün ərzində 600 min insan metrodan istifadə edir, 18.30-da işığın sönməsi nəticəsində metro fəaliyyətini dayandırıb və minlərlə insan mənəvi stress keçirib, 17 nəfər xəstəxanalara müraciət edib. İkinci, Azərbaycan iqtisadiyyatında sənayenin payı kiçik olduğundan ziyan 12 dollar civarında götürülüb. Həmin vaxt 2 mindən çox quyu hasilatını dayandırıb. Nəzərə alın ki, hasilatı bərpa etmək üçün bir neçə gün tələb olunur. O cümlədən, ən böyük ziyan Heydər Əliyev adına Neft Emalı Zavoduna dəyib. Çünki enerjinin dayanması səbəbindən zavodda 800 dərəcə temperaturda olan qurğular dayanıb və nəticədə maye kristal hala düşüb. Bunun bərpası bir həftədən çox vaxt aparır. Bunlar böyük ziyandır. Əlbəttə, bütün bunları ölkənin enerji təhlükəsizliyi imicinə vurulan ziyanla əvəzləmək mümkün deyil.