Vahid Əhmədov։ Sənaye məhsulları ixracda faktiki olaraq yoxdur

Azadlıq Radiosunun xəbərinə görə, 2017-ci il ildə Azərbaycan ixracında neft-qazın xüsusi çəkisi 86.3 faiz təşkil edib. 2018-ci ildə isə bu göstərici 91.3 faizə yüksəlib. Ancaq hələ 2015-ci ildə baş verən iki devalvasiyadan (manat dollar qarşısında 2 dəfə dəyər itirdi) sonra Azərbaycan rəsmiləri deyirdi ki, indi başlıca məqsəd qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bəzi ekspertlərə görə, son statistikalar ötən iki ildə bu sahədə vəziyyətin bir elə dəyişmədiyini göstərir.
“Bəs belə isə neftin yenidən qiyməti düşsə, nə baş verəcək” sualı bir çoxlarını düşündürməkdədir.
Deputat Vahid Əhmədov da Azərbaycan iqtisadiyyatının əsasını neft və qazın təşkil etmısi fikriylə razılaşır.
“Sənaye məhsulları ixracda faktiki olaraq yoxdur”
Deputat deyib ki, ixrac olunan məhsullarda da neft və qaz üstündür:
“Çünki məhsul istehsal etmək elə də asan deyil. İstehsal etdiyin məhsulun ixrac yönümlü olması üçün müəyyən işlər aparılmalıdır. Birinci növbədə reklam və təbliğat qurulmalıdır, keyfiyyətli məhsul istehsal olunmalıdır, standartları yüksək olmalıdır. Ona görə də Azərbaycanda neft-qaz, müəyyən qədər də kənd təsərrüfatı məhsulları, pomidor və digərləridir. İri texnika, sənaye məhsulları və digərləri ixracda faktiki olaraq yoxdur. Bu mənada komitənin açıqlamasını təbii saymaq lazımdır”.
Vahid Əhmədov qeyri-neft sektorunda müəyyən işlərin görüldüyünü, sənaye parklarının yarandığını bildirib:
“ Bunlar ixrac yönümlü məhsulların istehsalına hələ çatmayıblar. Faktiki olaraq daxili tələbatı ödəmək üçün istifadə olunur. Əgər qeyri-neft sektorunun inkişafını istəyiriksə, bunun üzərində işləmək lazımdır, yeni müəsissələrin yaradılmasına çox böyük ehtiyac var”
Vahid Əhmədov “neftin qiymətinin düşəcəyi təqdirdə nə baş verəcək” sualına “mən ümumiyyətlə, neftin qiymətinin düşməsini arzulamıram” deyib. Deputat əlavə edib ki, Azərbaycanın dövlət büdcəsi neftdən asılıdır:
“ Ona görə də neftin qiyməti kəskin enərsə, müəyyən problemlər yarana bilər”.
“ Bəyanatlarla qeyri neft sektoru inkişaf etməz”
İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, qeyri-neft sektorunun inkişafı bəyanatlarla, hətta hansısa proqram və strategiyaların qəbul olunması ilə təmin edilmir:
“ Bütövlükdə institusional islahatlar və hökumətin biznesin inkişafı üçün kəskin iradəsi olmalıdır. Nə zaman ki, oliqarxiya, əlindəki böyük kapital iqtisadiyyatdan çəkiləcək, kiçik və orta sahibkarlığın pəncərələri açılacaq, biznesin mülkiyyətini, təminatını qoruyan azad məhkəmə olacaq, onda mənzərə dəyiçəcək”