Nazirlər Komitəsində yenə Azərbaycandan danışacaqlar

Azadlıq Radiosunun xəbərinə görə, sentyabrın 18-20-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan da daxil olmaqla üzv ölkələrin Avropa Məhkəməsinin qərarlarını necə yerinə yetirməsini müzakirəyə çıxaracaq.
Azərbaycanla bağlı “İlqar Məmmədov Azərbaycana qarşı” işi üzrə çıxarılmış qərarın icrası nəzərdən keçiriləcək. Yekun qərar 2014-cü il oktyabrın 13-də çıxarılıb. Bu iş ərizəçinin hökuməti tənqid etdiyinə görə həbsi və barəsində çıxarılmış həbs qətimkan tədbiri barədə idi, 18-ci və 15-ci maddələrin pozulmasından söhbət gedirdi.
Bu qərarın icrasına sonuncu dəfə 2017-ci il dekabrın 5-də baxılıb, Komitə Aralıq Qətnamə qəbul edib. Azərbaycan Respublikasının Konvensiya çərçivəsində götürdüyü öhdəliyi yerinə yetirməməsi məsələsini baxılmaq üçün Avropa Məhkəməsinə göndərməyə qərar verib.
REAL partiyasının sədri İlqar Məmmədov Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də 2 il sınaq müddəti ilə şərti azadlığa buraxılıb.
Onun azadlığa çıxmasından sonra Avropa Şurasının Katibliyi Azərbaycan hakimiyyətinə məktub göndərib, işlə bağlı əlavə izahat istəyib – ərizəçiyə qarşı hökmün müddəti nə vaxt bitəcək, onun şərti cəzası nə vaxt başa çatacaq, hansı şərtlərlə buraxılıb və sairə.