Siyasət

Azərbaycan ordusunda itki var

İbrahim Allahverdiyevin Füzuli tərəfdə həlak olduğu deyilir

Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırılan, 1999-cu il doğumlu əsgər İbrahim Ceyhun oğlu Allahverdiyev həlak olub. Bu barədə Meydan TV-yə onun dayısı İlham Cəlilov məlumat verib. Bildirib ki, hadisə 3 gün əvvəl baş verib, dəfn dünən olub:

“İbrahim Füzulidə hərbi xidmət keçirdi. Düşmən gülləsindən şəhid olub. Yanına da getmişdik. Döyüş bölgəsində idi. İnanın mən də, ailəsi də, qohumları da, hamımız çox pis gündəyik. Çox ağırdır”.

Kəpəz Rayon İcra Hakimiyyətidən Meydan TV-yə bu barədə məlumatlarının olmadığını söyləyiblər.

“Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan son üç gün ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürüldüyünü demişdi.

Azərbaycan Müdafiə Nazirliyi isə bəyanat yayaraq onun açıqlamasını yalanlamışdı.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Daha çox göstər
Back to top button