Siyasət

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Orxan Baxışlı barəsində hökmü pisləyib

Siyasi Məhbusların Monitorinqi Mərkəzi (SMMM) Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Orxan Baxışlı haqqında hökmü pisləyib.

O, sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

SMMM-nin bəyanatında deyilir ki, “ibtidai istintaq və məhkəmə prosesi prosessual qanunvericiliyin kobud şəkildə pozulması ilə həyata keçirilib”.

“Faktiki olaraq, məhkəmədə müstəqil təhqiqat aparılmayıb, hökm istintaq orqanının ilkin protokolu əsasında tərtib edilib.

Bütün siyasi proseslərdə olduğu kimi, müdafiə tərəfin vəsatətləri təmin edilməyib, hakim açıq-aşkar ittiham tərəfi dəstəkləyib”, deyə SMMM rəhbəri Elşən Həsənov bildirib.

“Biz, keçmiş siyasi məhbuslar, Orxan Baxışlı barəsində ədalətsiz hökmə qəti etiraz edirik və hökmü siyasi motivli hesab edirik. Əminik ki, Orxan Baxışlı müxalifətin etiraz aksiyalarında iştirakına və hakimiyyəti tənqid etdiyinə görə cəzalandırılmaq üçün saxta ittihamla həbs edilib. Ədalətsiz hökmün ləğvini tələb edirik”, deyə SMMM-nin bəyanatında bildirilir.

SMMM 2014-cü ilin payızında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb. Təşkilata hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir.

Daha çox göstər
Back to top button