Təhlil

Hüquq müdafiəçisi: “Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməkdən imtina edir”

Sentyabrın 21-də tanınmış hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyevin şikayəti ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının açıqlanması ərəfəsində “Turan” agentliyi ondan bu işi şərh etməsini xahiş edib.

– Sabah Avropa Məhkəməsinin sizinlə bağlı qərarı gözlənilir. Nə ilə bağlıdır şikayətləriniz və məhkəmədən gözləntiləriniz nədir?

– Öncə onu deyim ki, çox istərdim, mənimlə bağlı bu qərarın yerinə, artıq dörd, beş il və daha uzun müddətdir ki, məhbəsdə olan – Rəşad Ramazanovun, İlkin Rüstəmzadənin, Abgül Süleymanovun, Mövsüm Səmədovun, Seymur Həzinin və qanunsuz həbsdə olan digər dostlarımızın qərarı çıxaydı. Amma nə etməli, qərarların ardıcıllığını müəyyən edən amillər (pozuntunun prioritetliyi, işin mürəkkəbliyi, şikayətlərin keyfiyyətli hazırlanması, dil, qurbanların kimliyi və s.) var, onlar heç də hər zaman bizim istəklərimizlə üst-üstə düşmür.

Konkret bu işə gəldikdə, o, azadlıq, işgəncələrə məruz qalmamaq, özəl həyat, siyasi motivlərlə təqiblərə məruz qalmamaq və digər hüquqlarımın pozuntusu barədə şikayətlərlə bağlıdır. Pozuntular o qədər aşkardır ki, Avropa məhkəməsinin onları tanıyacağına heç bir şübhəm yoxdur. Söhbət ancaq kompensasiyanın məbləğindən gedə bilər…

– Şikayətlərin nə ilə bağlı olması barədə bir neçə kəlmə deyə bilərsinizmi?

– Bu ölkədə məhkəməyə qədərki həbslərdən siyasi alət kimi istifadə edildiyi heç kəsə sirr deyil. Həmin dövrlərdə, ondan qabaq və sonra həyata keçirilən əksər həbslər kimi, mənim həbsimin də arxasında siyasi motivlər dayanırdı. Yeri gəlmişkən, həbslərdə siyasi motivlərin mövcudluğu Avropa məhkəməsinin İlqar Məmmədov, Anar Məmmədli, Rəsul Cəfərov, Leyla Yunus və digərlərinin işləri üzrə qərarlarında artıq təsdiqlənib; həmin qərarları dəstəkləyənlər arasında hökumətin təyin etdiyi hakim də var. Ona görə rahatlıqla bu ifadədən yararlana bilərik. Vəkillərim mənim işimdə də həmin o məşhur 18-ci maddəyə istinad ediblər.

Başqa bir şikayət həbs olunduğum gün və növbəti gün rəhbərlik etdiyim təşkilatın ofisində, yaşadığım və qeydiyyatda olduğum mənzillərdə aparılan axtarışlarla bağıdır. Bu axtarışlar – əslində, “basqın” ifadəsi daha doğru olardı. Başqasının mülkiyyəti olan ofis isə o vaxtdan qanunsuz olaraq prokurorluq tərəfindən möhürlənib və bu günə qədər də bizi ora buraxmırlar.

Daha bir şikayət işgəncələrlə bağlıdır. Bunların əksəriyyəti istintaq təcridxanalarında və həbsxanalarda dustaqların hər gün rastlaşdıqları şeylərdir. Təbii ki, bütün bunlara həm də siyasi məhbus olmağımla bağlı qatılan spesifik çalarlar da əlavə olunurdu. Sağlamlığımla bağlı çox ciddi problemlərlə üz-üzə qaldığım zaman çoxsaylı müraciətlərə, həm ölkə daxilində, həm də xaricdə aparılan kampaniyalara baxmayaraq, mənə öz həkimlərim vasitəsilə tibbi yardım göstərilməsinə, müayinə və müalicəmə imkan verilmədi. Onu da deyim ki, Baş Prokurorluğun cəzamın ağırlığı ilə bağlı Ali Məhkəmənin Plenumuna verdiyi əlavə kassasiya şikayətində əsas arqument kimi səhhətimlə bağlı ciddi problemlərin hökm çıxarılan zaman məhkəmələr tərəfindən nəzərə alınması idi.

– Kompensasiya məsələsinə toxundunuz. Onlarla bağlı durum nə yerdədir?

– Durum sabit və ağır olaraq qalır. Hökumət pulları ödəməməkdə, Avropa məhkəməsinin qərarlarının icrasına nəzarət etməli olan orqanlar və onların başında duran – Avropa Şurası Nazirlər Komitəsi susmaqda davam edir. Mən 2014-cü ildə həbs olunduqdan sonra məhkəmənin hüquq yardımına görə təyin etdiyi qonorarların heç birini ala bilməmişəm. Mülki xarakterli işlərlə bağlı hissə-hissə də olsa, adamlara pul ödənildiyi halda, siyasi hüquqlarla bağlı qərarlar üzrə kompensasiyaların ödənişi tamam dayandırılıb. Çoxsaylı müraciətlər, şikayətlər hələ ki nəticə vermir. Əvvəllər bu barədə müraciətlərə AŞ NK-dan heç olmasa cavab alırdıq ki, müraciətiniz qəbul olundu, indi heç onu da yazmırlar. Hələ mən biləni, Strasburq məhkəməsinin tarixində hansısa dövlətin qərarları bu cür ultimativ şəkildə icra etməməsi halı olmayıb. Ümid edək ki, bir gün anlayacaqlar ki, birinin özbaşınalığına göz yumanda, o birinin də ayağı yer alacaq.

– Niyə ödəmirlər? Pulları yoxdurmu?

– Düşünmürəm ki, bu, maliyyə problemləri ilə bağlıdır. Hökumətin haqlarını pozduğu insanlara məbləği hər iki gündən bir, təkrar-təkrar təmir olunan yollara ayrılan pulun çox az bir hissəsi – bir, maksimum iki yolun tikintisinə ayrılan vəsait qədər ola ya olmaya. Hökumət o pulları vəkillərə, jurnalistlərə, siyasətçilərə, gənc fəallara, hüquq müdafiəçilərinə ona görə vermək istəmir ki, insanlar maddi problemlərinin içində çabalaya-çabalaya qalsınlar, vəkillər daha bu işləri Avropa məhkəməsinə daşımasınlar. Kompensasiyaların ödənilməsi bütün repressiyalara baxmayaraq, ölkədə dəyişikliklər uğrunda mübarizəsini dayandırmayan qurumların və insanların bütün mümkün maliyyə qaynaqlarını qapatmaq siyasəti ilə uyuşmur. Əslində Gözəl Bayramlının, Əfqan Muxtarlının, Rüstəmlilərin və digərlərinin həbsində də bu motiv aşkar görünür. Hətta irəli sürülən ittihamlar doğru olsa belə, mülki, uzaqbaşı inzibati məsuliyyət yaradan əməllərə görə insanların uzun müddətə həbsə atılması maliyyə mövzusuna hökumətin necə həssas yanaşdığının göstəricisidir.

Daha çox göstər
Back to top button