“Əgər yerimizdə sayırıqsa, pullar hara gedir?”

Bazar günü səhər saatlarında bir neçə dəqiqə davam edən güclü yağış Bakının mərkəzi küçələrini əsl çaya çevirdi. Elə yerlər vardı ki, orada suyun dərinliyi yarım metrə çatırdı. Əgər yağış ən azı bir saat davam etsəydi, onda qırmızı səviyyədə fövqəladə vəziyyət elan etmək lazım olacaqdı. Axı Azərbaycanın aparıcı ekoloqlarından biri Telman Zeynalov Oxu.Az-a açıqlama verərkən, payızda leysan yağışlarının olacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Heç bir bahalı avadanlıqlar və təhqiqatlar olmadan ekoloq yağıntı səviyyəsinin bir neçə dəfə artırılmasını dəqiq proqnozlaşdırdı, ancaq görünür ki, “Azərsu”dan heç kim bu sual ətrafında düşünməyib.
Bazar günü səhər baş verən leysanın fəsadlarını indi hamı – insanlar, xidmətlər, hakimiyyət və sinoptiklər analiz edir. Meteoroloqlar bəyan edir: Bakıya bir saat ərzində aylıq norma həcmində yağıntı düşüb.
Xüsusilə su axınının güclü olduğu yer bu yaxınlardan istifadəyə verilən Qış parkının olduğu küçədir. Elə gəlir ki, son illər yollarda aparılan təmirlərdən sonra şəhərdə vəziyyət daha da pisləşib. Yağış suları üçün nəzərdə tutulmuş borular haradadır?
Bu vəziyyətdən təkcə güclü yağış deyil, eləcə də “Azərsu” ASC də günahkardır. İş burasındadır ki, yağış suları üçün nəzərdə tutulmuş sistemlərinin rekonstruksiyası ilə bu dövlət qurumu məşğul olur. Və hər il prezident risklərin aradan qaldırılması üçün bu quruma on milyonlarla manat ayırır.
“Azərsu” rəhbəri Qorxmaz Hüseynov vaxtila bildirmişdi: “Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması məqsədilə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Master Plan hazırlanıb”.
“Azərsu”: İstəsək də, bu vəziyyətin qarşısını tam almaq mümkün deyildi.
Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib:
“Qısa müddətdə bu cür leysan olması nəticəsində belə problemin yaranması təbii haldır. İstəsək də, bu vəziyyətin qarşısını tam almaq mümkün deyildi. Hazırda isə şəhərdə ərazisində yaranan fəsadlar aradan qaldırılıb”.
Bazar günü Bakıda və ölkənin şimal bölgəsində leysan yağıb, şimşək çaxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, Bakıda yağıntının miqdarı 21 mm. (aylıq normanın 122%-i) təşkil edib. Bakıda müşahidə olunan güclü yağış uçquna səbəb olub.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın İzmir küçəsi, 7a ünvanında baş verib. Belə ki, güclü yağış suları yaşayış binasının ətrafında çəkilmiş hasarın bünövrəsini yuyub və divar yaxınlıqda dayanmış avtomobilin üzərinə aşıb.