“Tolişi Sədo” qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə Moskvada saxlanılıb

Azərbaycan tərəfindən separatizmdə günahlandırılan “Tolişi Sədo” qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə polis tərəfindən saxlanılıb. O, hazırda Podmoskovye polis şöbəsində nəzarət altında saxlanılır. Bunu Sputnik Azərbaycan-a onun dostu, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri Kahin Əbilov məlumat verib.
Fəxrəddin Abbaszadənin həbsi sentyabrın 6-da həyata keçirilib. İlk dəfə bu barədə məlumat ötən həftə yayılıb. Lakin həmin vaxt məsələ rəsmi təsdiqini tapmadı. Həmin məlumatlara görə, Azərbaycana qarşı çıxışlar edən”Talış Milli Hərəkatı” qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lüberets rayonunda həbs olunub. Rusiya KİV-ri yazmışdı ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Lüberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib. Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.
Saxlanılan şəxsin dostunun dediyinə görə, poçt vasitəsilə bildiriş alan Abbaszadəni polisə çağırıblar və ona xəbər veriblər ki, Azərbaycanın sorğusu əsasında izahat yazmalıdır. O, təyin olunduğu vaxtda Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə gəlib və hesab edib ki, onun həbsi üçün yetərincə səbəb yoxdur.
Əbilovun sözlərinə görə, hazırda Abbaszadə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən istintaq təcridxanasındadır. Onun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Abbaszadə artıq öz vəkili ilə görüşüb. Əbilovun dediyinə görə, müttəhimin saxlanma şəraiti normaldır. Lakin “professor” üçün həbs əsl şok olub.
Əbilov onu da deyib ki, Abbaszadə Avropa ölkələrindən birindən siyasi sığınacaq da ala bilərdi. Lakin o, 10 ildən artıqdır yaşadığı Rusiyada qalmaq qərarına gəlib. “Separatçıların liderinin” dostunun sözlərinə görə, Abbaszadə 2015-ci ildən bu yana heç vaxt Rusiyanın sərhədlərini tərk etməyib. Çünki onun Azərbaycan pasportunun etibarlılıq müddəti başa çatıb. Xaricə çıxmaq üçünsə onun başqa sənədi yoxdur. Onun 2019-cu ilin sonuna qədər Rusiyada yaşamaq hüququ var.