Təhlil

Hüquq müdafiəçisi: ABŞ nümayəndə heyətinin rəhbəri ATƏT-in insan haqları ilə bağlı iclasında Azərbaycandakı durumu tənqid edib

Polşada ATƏT-in insan haqları və demokratiyaya dair illik konfransı keçirilib. Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI) təşkilatçılığı ilə Varşavada Azərbaycanda vəkillik institutunun durumu müzakirəyə çıxarılıb. Həmçinin Varşavada ATƏT-in insan haqları ilə bağlı iclası da keçirilib. İclasda çıxış edən ABŞ nümayəndə heyətinin rəhbəri Maykl Kozak ifadə, sərbəst toplaşma və dini etiqad azadlığına görə bir sıra ölkələrlə yanaşı Azərbaycanı da tənqid edib. Bu arada Avropa Şurası Parlament Assambleyası Hüquq komissiyası AŞ ölkələrini “Maqnitski aktı”nın analoqunu qəbul etməyə çağırıb.Bütün bu məsələlərlə bağlı hüquq müdafiəçisi Nicat Məmmədbəyli ASTNA-nın suallarına cavab verib.

“Beynəlxalq standartlar bir kənara, hətta regionda vəkil sayına görə qonşu ölkələrdən geridə qaldığımızı da vurğulamışam. Əlavə olaraq son illərdə siyasi işlərdə vəkillik edən və buna görə də VK üzvlüyündən xaric edilən Yalçın İmanov, fəaliyyətləri müvəqqəti dayandırılan vəkillər Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyevin üzləşdiyi ədalətsizlikləri tədbir iştirakçılarının diqqətinə çatdırmışam”,- deyə o qeyd etdi.

Qeyd etdiyi faktlara nəzər salsaq, görərik ki, siyasi təzyiqlərə məruz qalmış İlqar Məmmədov, İntiqam Əliyev, Xədicə İsmayılova hər üçü saxta ittihamlarla məhkum edildikdən sonra ölkədən çıxışlarına da qadağa qoyulub. İkinci çıxışında M. Kozak azad medianın boğulması və jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi və sonradan həbs edilməsinə toxunub.

Bundan əlavə, cənab Kozak Azərbaycanda təqib olunan insanların işgəncələrə və qeyri-insani rəftara məruz qalmasını da qeyd edib. Bloger Mehman Hüseynovun şiddətə məruz qalmasının effektiv araşdırılmaması məsələsinə toxunan M.Kozak, həbsxanada işgəncə və qeyri-insani rəftara məruz qalan Abbas Hüseynov və Cabbar Cabbarovun da adını da xüsusi vurğulayıb. Onsuz da bu faktlar ictimaiyyətə həmin insanların məhkəmə iclasları zamanı verdikləri ifadələrdən də məlum oldu. Bir sözlə, çıxış tutarlı faktlar üzərində qurulmuşdu və ölkədəki hazırki insan haqları durumunun düşdüyü bərbad vəziyyəti əks etdirirdi.

 

Daha çox göstər
Back to top button