Təhlil

“Azərbaycanda barbar cəmiyyətlərə xas olan “canın çıxsın, borcunu ödə” prinsipi hökm sürür”

Sentyabrın 22-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verib. Qərarda deyilir ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.Mövzu ilə əlaqədar ASTNA bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənməyə çalışdı.

“İstənilən ölkədə dövlət bank sisteminin maraqlarını vətəndaşların maraqlarından üstün tutur. Məhz bank sisteminin, ayrı-ayrı bankların yox. Səbəb sadədir: bank sistemi ölkə iqtisadiyyatının qanıdır, onu qorumaq lazımdır. Kapitalist cəmiyyətində başqa cür ola da bilməz. Buna görə də təəccüb doğuran dövlətin Konstitusiya Məhkəməsinin simasında bankların tərəfini tutması deyil. Hətta qərarın hüquqi cəhətdən çox zəif, hətta deyərdim ki, gülməli şəkildə (guya kəskin devalvasiya gözlənilməz hal deyil və sanki hər kəs onu gözləyirmiş) əsaslandırılması da təəccüb doğurmur.

Halbuki, məhkəmə hüquq nəzəriyyələri və xarici təcrübəni araşdırsaydı, daha ciddi əsaslandırılmış qərar verə bilərdi. Lakin ölkədəki hüquq elmi, hüquq təhsili və hakimlərin əksəriyyətinin səviyyəsini bilən hər kəs üçün məhkəmənin qərarı belə əsaslandırması təəccüb doğurmur. Bacardıqları budur! Təəssüf doğuran dövlətin və ölkə iqtisadiyyatının maraqlarını düzgün başa düşməməkdir. Bank sistemi etimada söykənən institutdur. Bizim bank sisteminə etibar onsuz da sarsılıb. Bu cür birtərəfli qərarlar isə inamı tam məhv edir. Nəinki banklara, həmçinin ədalətə, ölkənin məhkəmə sisteminə olan inamı sarsıdacaq. Onsuz da ölkədə mülkiyyət hüququnun müdafiəsi, müqavilələrin icrası və sağlam rəqabətin təminatı olduqca zəifdir. Bunların kökündə də müstəqil, ədalətli və savadlı məhkəmə sisteminin olmamasıdır.

Azərbaycanda barbar cəmiyyətlərə xas olan “canın çıxsın, borcunu ödə” prinsipi hökm sürür. Borclunun əmlakının olub-olmaması heç kəsi maraqlandırmır. Hətta borcunu ödəyə bilməyəni həbs də edirlər, halbuki, bu ölkəmizin qoşulduğu beynəlxalq sazişlərə ziddir. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayət də göndərmişəm, hazırda onlar üzrə kommunikasiya prosesi gedir. Bizim banklar kimi əhali və sahibkarlara xarici valyutada bu qədər kredit vermiş ikinci ölkə tanımıram. Məsələn, elə bizə hüquq sistemi baxımdan ən yaxın ölkə olan Almaniyada XX əsr ərzində məhkəmələr dəfələrlə kəskin inflyasiyanı və devalvasiyanı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edərək borcluların maraqlarına uyğun olaraq müqavilə şərtlərini dəyişiblər. Lakin təəssüf ki, bizim Konstitusiya Məhkəməmiz ya bu təcrübəni bilmir, ya da bilmək istəmir”.

Daha çox göstər
Back to top button