İctimaiyyət

Ələsgər Məmmədli: “Məhdudlaşdırmalar medianın gələcəyinə müsbət heç nə vəd etmir”

Media üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində sosial media ilə bağlı problemlərdən danışıb.

Media deyəndə kütləvi informasiya vasitəsi (KİV) nəzərdə tutulur. Ümumiyyətlə, sosial media olsun, ənənəvi media olsun bunun fərqi yoxdur, hamısı kütləvi informasiya vasitəsidir. Bu da Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. İndiki halda “KİV haqqında” qanun bunu tənzimləyir. Onun əhatəsinə anlayışlar qismində hər şey, o cümlədən İnternet daxil edilib. Düşünürəm ki, bu baxımdan sosial medianın tənzimlənmədiyini düşünmək qanunvericiliyi düzgün analiz etməmək və ya anlamamaqdır.

Ümumiyyətlə, sosial media virtual mühit olsa da əgər burada ifadələr qanunvericiliklə müəyyən edilmiş çərçivəni aşırsa, məsələn, deyək ki, konstitusiyalı quruluşu zorla devirməyə yönələn çağırışlar varsa, yaxud nifrət çıxışları varsa, yaxud şəxslərin şərəfini, ləyaqətini təhqir, böhtan varsa, o zaman bunlar təbii ki, mübahisələndirilə bilir. Bununla bağlı qanunvericiliyimizdə konkret olaraq Cinayət Məcəlləsinə maddələr əlavə olunub. Bu, yoxdur deyə, əlavə edək düşüncəsi bir az anlaşılmır. Konstitusiya imkan verməsə belə Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olundu. Adı da belədir, – “sosial mediada təhqir və böhtan”. Dolayısı ilə bu gün kimsə deyəndə ki, sosial mediada bu məsələni biz cinayət hesab edək, ya da etməyək, bu son üç ildə qanunvericiliyin dəyişiklik tendensiyasına nəzarət etməməkdən və bilməməkdən doğur. Mən düşünürəm ki, hətta “Diffamasiya haqqında” qanunun qəbulu məsələsi aktualkən bu məsələni qəbul etmək onsuz da geriyə doğru addımdır. İndi yenidən hansısa qanun qəbul etmək… Bəlkə ayrıca Cinayət Məcəlləsi qəbul etmək istəyirlər? Bunu deyə bilmərəm. Amma sosial mediada olan məzmunla bağlı cinayət ola biləcək məsələlər hazırda Cinayət Məcəlləsində məsuliyyət yaradır.

Daha çox göstər
Back to top button