Azərbaycan parlamentində yenidən Türk dilini bölüşdürməyiblər

Azərbaycan Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətlər haqqında” saziş müəyyən mübahisələrə səbəb olub.
Millət vəkili Siyavuş Novruzov da çıxışında Türk dilinin başqa əcnəbi dillərlə eyni statusda qəbul edilməsinin əleyhinə çıxıb:
“Azərbaycan və Türk dilləri o qədər yaxındır ki, onları fərqli dillər hesab eləmək doğru deyil. Türk dilində çıxışlar olanda kim onu başa düşmür ki?
Hərdən millət vəkilləri arasında keçirilən anket sorğularına nəzər salanda adam təəccüblənir. Bəzi deputatlar “Hansı xarici dil bilirsiniz?” qrafasında Türk dilini də əlavə edirlər. Mən başa düşürəm, hüquqi baxımdan bu, belə ola bilər. Ancaq mənəvi tərəfdən yox. Çünki bu, bir dəyərdir.
Digər tərəfdən, hərdən Türk filmlərinə baxırıq, o filmləri elə dublyaj edirlər ki, məna-məzmun tamamilə itir. Ən yaxşısı, o filmləri Azərbaycan dilində subtitrlərlə verməkdir. Mən də hesab edirəm ki, Türk dili xarici dil kimi qəbul olunmamalıdır”.