İctimaiyyət

Avropa Məhkəməsi Hilal Məmmədovun şikayətini araşdırmağa başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Talışın səsi” (Tolışi sado) qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayətini araşdırmağa başlayıb. Məhkəmə Azərbaycan hökumətinə işlə bağlı suallar göndərib.

Həmin işlə, eləcə də kommunikasıyasına başlanılmış daha 5 şikayətlə bağlı AİHM-in rəsmi internet saytında məlumat yayılıb.

H.Məmmədov 2013-cü ildə 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırmaqda ittiham olunub. 2017-ci il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan jurnalist barəsində çıxarılmış bütün qərarların qanunsuz olduğunu, jurnalist fəaliyyətinə, ictimai fəallığına görə həbs olunduğunu iddia edir.

AİHM-in araşdırmağa başladığı digər şikayəti Daxili İşlər Nazirliyinin keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi – OMON-un Qazax bölməsinin həbsdə olan keçmiş komandiri Elçin Əmiraslanovun bacısı Şəhla Abbasəliyeva göndərib. Bəzi yerli media onu qardaşına görə, “dövlətin düşməni” adlandırıb. Ş.Abbasəliyeva həmçinin, qardaşına görə iş yerini də itirdiyini iddia edir.

Yerli məhkəmələr onun şikayətlərini rədd etdikdən sonra AİHM-ə şikayət edib. Ş.Abbasəliyeva iddia edir ki, onun Avropa Konvensiyasının 8-ci (şəxsi həyatın toxunulmazlığı) 14-cü (Ayrı-seçkiliyin yolverilməzliyi) maddələri ilə qorunan hüquqları pozulub.

AİHM Azərbaycandan göndərilən daha 4 şikayətlə bağlı da hökumətə suallar göndərib.

Həmin şikayətlər özəl universitetin təhsil haqqında diplomunun təsdiq edilməməsi, mənzildə axtarış aparılması, yaşayış icazəsinin verilməməsi ilə bağlıdır.

Daha bir işdə isə məhkuma aid kitabların müsadirə edilməsi və onun həbsxanadan mediaya göndərdiyi məktublara cəzaçəkmə müəssisəsində imkan verilməməsindən şikayət edilib.

Daha çox göstər
Back to top button